AZ

Kötək və şayiə: başqası yoxmu?..

Ötən həftə oxudum ki, Rusiyada məhbəsdə rəssam Vladimir Yarotski vəfat edib, daha doğrusu, insan intihar edibdir. Xəbərdə həm də qeyd olunurdu ki, o, 2026-cı ilin əvvəlindən məhbəsdə həlak olan yeddinci siyasi məhbusdur! Etiraf edim ki, bu adamı tanımırdım. Rəssam olubdur və çox təəssüf ki, belə adamlar indinin özündə də daha çox ölümlərindən sonra tanınırlar. Həm də rəssam, məsələn, yazıçı deyil ki, əsərlərilə internetdən tanış olasan, yox, rəssamı tanımaq üçün sərgisinə getməlisən, yaxud da azı, albomlarına baxmalısan məncə. Dissident kimi də adı bizə az şey deyir, çünki, çox təəssüf, bununla da artıq kimisə təəccübləndirə, hətta insanların diqqətini özünə fokuslaşdıra bilməzsən, ona görə ki, çox şey adiləşib, hətta adamlar öyrəncəli olublar, xüsusən vaxtilə böyük demokrat və yazıçı - publisist Havelin Absurdstan adlandırdığı böyük siyasi məkanda.

Bəli, növbəti siyasi ölümlə də bağlı uzağı, “lənətə gəlmiş Qərb”in hansısa təşkilatı hansısa bəyanatla çıxış edəcək. Amma bu, nəyi dəyişəcək? Ölmüş adamı daha geri qaytarmazsan! Məşhur dissident Navalnıy da həbsdə çox müəmmalı şəkildə öləndə demək olar, hamı bunu pislədi və lənətlədi. Amma yenə də nə dəyişdi axı? Demək olar ki, böyük hesabla heç nə! Ona görə də nəinki hansısa avropalı siyasi fəallar-hüquq müdafiəçiləri, hətta ABŞ konqresmenləri (onların heç də hamısı aylıq almır diktatorlardan!) hansısa lənətə gəlmiş avtoritar ölkədə hər şeyi, özü də bir günün, ayın içində dəyişmək gücündə olmur – xüsusən də Rusiya adlı əbədi “qara dəlik”də, hansını ki, məktəb yaşlarından çox sevdiyim Yuriy Lermontov “natəmiz və çirkli”, “ağalar və qullar ölkəsi” adlandırırdı.

Burada haşiyə çıxım. Lermontov dedim, Puşkin və hələ çar dövrünün geniş istifadə etdiyi bir təqib mexanizmi yadıma düşdü– ŞAYİƏ! Bəli, çox pis ölkələrdə idarəçiliyin iki əsas üsulu var – KÖTƏK və ŞAYİƏ! Puşkini demək olar ki, şayiələrlə öldürdülər...

Qayıdaq həlak olmuş rus rəssamına. Onu niyə damlamışdılar? Məlum olur ki, adam Putinin karikaturasını çəkibmiş! İlahi, cəmi 30 il bundan əvvəl həmin Rusiyada siyasətçilər, hüquq müdafiəçiləri, xüsusən də jurnalistlər yazıq Yeltsinin başına nə oyun açmırdılar! “Çar Boris” deyir, “kukla teatrı” düzəldir, min hoqqadan çıxırdılar! Amma adam dözürdü, halbuki keçmişdə kommunist, böyük sovet funksioneri, deyəsən, hətta Siyasi Büronun üzvü də olmuşdu! Amma dözürdü...

Öz yaxın keçmişimizdən də bir detal düşür yadıma. Vallah, bilmirəm, nə qədər doğrudur, amma 90 - cı illərdə hakimiyyətə yaxınlığı olan adamlar danışırdı ki, onda bəzi böyük məmurlar hər gün rəhmətlik Heydər Əliyevin yanına siyasi rejimi sərtləşdirmək təkliflərilə gələndə o, deyirmiş ki, filankəs, Lukaşenko olmağa nə var ki, Heydər Əliyev olmaq çətindir! Bir daha deyirəm: Vallah, tam dəqiqliyilə bilmirəm, amma belə danışırdılar...

Qonşu Rusiyaya və ətraflara nəzər salanda həmin sözlər yada düşür: dostlar, həqiqətən də Belarus qurmağa nə var ki! Putinin yaratdığı Rusiyanı dönüb təkrar-təkrar seyr edəndə özündən soruşursan ki, bəs Lukaşenkoya “Belarusbaşı” ləqəbini kim qoymuşdu? Lukaşenko Minskə avropalılardan da çox kimləri buraxmırdı? Bəli, həmin Rusiyanın bir sıra keçmiş demokratlarını...

Bəs indi nələr baş verir Rusiyada? Hara baxırsan, “agentlər”, hansısa “qiyabi və ya əyani” hökmlər-cəzalar, sirli ölümlər, qonşu, qardaş Ukrayna xalqına qarşı neçə ildir ki, davam edən anlaşılmaz müharibə!

Kimə lazımdır? Doğrudanmı, sadə rus adamlarına və yaxud da ölkənin biçarə ziyalılarına, hansıların ki, çoxu “xarici agent” elan olunub!

Hətta ötən həftə bunu yazanda deyəsən, daha dörd nəfər də bu “fəxri ada” layiq görüldü...

Putin və bənzərləri haqqında düşünəndə adamın beynindən ikicə söz keçir: KQB nəsli!

Amma hətta KQB də Saxarovları və qeyrilərini öldürməyirdi. Həbs edirdilər, təqib edirdilər, Soljenitsın, Brodski, nə bilim, yazıçı-filosof Zinovyev kimi ölkədən sürgün edirdilər! Amma ki, öldürmürdülər, hər halda, belə şey xatırlamırıq. Bu haqda dəfələrlə yazmışam. Sovet vaxtı “Adi faşizm” adlı fiılmə baxanda dərhal ağlımdan bu fikir keçmişdi ki, aman, Allah, bu ki, bizim SSRİ haqdadır! Sonra da deyirlər tarix təkrarlanmır! Elə təkrarlanır ki, özü də necə! Qonşu Rusiyaya baxın...

Filmdən epizod hələ yadımdadır. Təzə hakimiyyətə gəlmiş füreri komandası arasında göstərirlər. Çoxu ondan boyca hündürdür. Artıq hakimiyyətini gücləndirmiş füreri və komandasını göstərirlər: bəli, Adolf müəllim hamısından hündürdür... Tamamilə adekvat olmasa da, hətta bir azca uğursuz müqayisə olsa da indi Rusiyada da təxminən oxşar şeylər baş verir, xüsusən də siyasətdə. Kimsə “boyca” Putindən hündür ola bilməz, hamısı uzağı, onun keçmiş “dvoyniki”, “siyasi liliput” Medvedev boyda olmalıdır! Bəli, böyük və müəmmalı Rusiyanın çağdaş reallıqları budur: həqiqətən, ağılla dərk etmək mümkünsüzdür...

Seçilən
16
musavat.com

1Mənbələr