Ukraynanın İcmalar və Regional İnkişaf nazirinin müavini Sergey Derkaç sosial mediada Ukrayna daşıyıcıları üçün mühüm irəliləyişləri elan edib. Türkiyə ilə danışıqlar nəticəsində bürokratiyanın azaldılması və daşımalarda tutumun artırılması üçün əhəmiyyətli qərarlar qəbul edilib.
Hafta.az yazır ki, razılaşmaya əsasən, üçüncü ölkələrə/ölkələrdən yük daşıma icazələrinin sayı 2026-cı il üçün 300 ədəd artırılıb. Bu, mövcud kvotadan 10 faiz artım deməkdir. Bundan əlavə, 300 ikitərəfli sərnişin daşıma icazəsi əlavə edilib və bu da sərnişin daşıma kvotasını 2027-ci il üçün 400-dən 700-ə qədər əhəmiyyətli dərəcədə artırıb.
Danışıqların ən strateji nəticələrindən biri beynəlxalq nəqliyyat icazələrinin rəqəmsallaşdırılması qərarı oldu. Derkaç beynəlxalq nəqliyyat üçün elektron icazə (e-icazə) sisteminə keçidlə bağlı texniki işlərin başladığını açıqladı. Vurğulandı ki, bu addım daşıyıcılar üçün sənədləşmə işlərini azaldacaq və prosesi daha da sürətləndirəcək.
Ukrayna ilə Türkiyə arasında ikitərəfli və tranzit yük daşımaları üçün icazə tələbinin ləğvi qərarının müharibənin sonuna qədər qüvvədə qalacağı təsdiqlənib. Bu, iki ölkə arasındakı əsas logistika xəttinin fasiləsiz və icazə tələb etmədən işləməsini təmin edəcək. Nazir müavini Derkaç həmçinin ITF Nazirlər Şurasının iclasında Ukraynanın gələn il Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik etmək üçün Türkiyənin namizədliyini tam dəstəklədiyini bildirib. Derkaç Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunu təbrik edib və əməkdaşlığın vacibliyini vurğulayıb.