AZ

Məhkəmədən sayt rəhbəri ilə bağlıQƏRAR

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə işi araşdıran müstəntiq Kamran Əliyev yenidən şahid qismində ifadə verib.

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı fevralın 10-da etdiyi çıxışını müdafiə edərək hər üç təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qoşqar Məmmədovun vəkili Sadiq Rəsulov bildirib ki, müdafiə etdiyi şəxs ona çatan 100 min manatdan 80 mini qaytarıb. Vəkil məhkəmədən xahiş edib ki, Q.Məmmədovun himayəsində azyaşlı uşaqlarının olduğu nəzərə alınsın və onun barəsində həbslə bağlı olmayan cəza təyin edilsin.

Rasim İldırımzadənin vəkili müdafiə etdiyi şəxsin bu əməldə iştirak etmədiyini və alınan pullardan xəbəri olmadığını bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Rasim İldırımzadə son sözə hazır olmadığını bildirərək, hakimdən zərəri tam ödəmək üçün vaxt istəyib. Hakim ona bildirib ki, zərərin ödənilməsi ilə bağlı təqdirləndirilənlərin 6 aydan çox vaxtı olub.

Zaur Mirzəzadə və Qoşqar Məmmədov da məhkəmədən vaxt istəyib.

Vəkillər bildirib ki, zərərçəkən 200 min manat pul istəyir, lakin təqsirləndirilənlər 100 min təklif edir.

Məhkəmə onlara son dəfə vaxt verib.

Növbəti proses mayın 25-nə təyin edilib.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır (APA).

Seçilən
39
3
redaktor.az

9Mənbələr