Mənzil, maliyyə və şəhər siyasəti sahəsində dünyanın aparıcı nümayəndələri qlobal mənzil böhranını və şəhərləri təhdid edən sürətlənən iqlim risklərini müzakirə etmək üçün Dünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) bir araya gələcəklər.
Bu barədə Bizim.Media-ya WUF13 Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, BMT-Habitat tərəfindən “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında təşkil edilən və Azərbaycan hökumətinin ev sahibliyi etdiyi Forum hökumətlərdən, beynəlxalq təşkilatlardan və akademik dairələrdən yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək. Tədbir 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək.
BMT-nin yüksəksəviyyəli nümayəndələri iştirak edəcək
Forumda mənzil siyasəti, iqlim dayanıqlığı, miqrasiya və davamlı şəhərsalma sahəsində qlobal müzakirələri formalaşdıran BMT rəsmiləri iştirak edəcək. Onların sırasında:
- Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels,
- BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xətib,
- BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının icraçı katibinin müavini Andrea Meza Murilyo yer alır.
Bu nümayəndələr BMT-Habitat rəhbərliyi ilə birlikdə mənzil sistemləri, şəhər bərabərsizliyi, iqlim dayanıqlığı və maliyyələşdirmə boşluqları ilə bağlı qlobal müzakirələrə rəhbərlik edəcəklər.
Qlobal şəhər problemlərinə həsr olunan əsas dialoqlar
“Qlobal mənzil böhranı: plan nədir?” dialoqu
Forumun əsas müzakirə platformalarından biri olan bu dialoqda mənzil siyasəti və inkişaf sahəsində tanınmış simalar iştirak edəcək:
- Davamlı İnkişaf Həlləri Şəbəkəsinin prezidenti və Kolumbiya Universitetinin professoru Ceffri Saks,
- “Habitat for Humanity International” təşkilatının baş icraçı direktoru Conatan Rekford,
- BMT İnkişaf Proqramının Qlobal Əlillik Fondunun direktoru Ola Abualğayb,
- UCLG-nin baş katibi Emiliya Saiz,
- Avropa Komissiyasının Mənzil üzrə İşçi Qrupunun rəhbəri Metyu Bolduin,
- FIABCI-nin (Beynəlxalq Daşınmaz Əmlak Federasiyası) dünya prezidenti Antonio Kampanyoli.
Müzakirələrdə mənzil əlçatanlığı, idarəetmə boşluqları, sosial bərabərsizlik və kənarda qalma kimi problemlərin səbəbləri, eləcə də tətbiq oluna bilən siyasət həlləri diqqət mərkəzində olacaq.
“Bərpa və yenidənqurmanın mərkəzində mənzil” dialoqu
Bu sessiyada mənzilin böhranlardan sonrakı bərpa, məcburi köçkünlərə dəstək və uzunmüddətli dayanıqlılıq üçün əsas rolundan danışılacaq.
Sessiyada Dünya Bankının Şəhərsalma üzrə qlobal direktoru Minq Janq və Beynəlxalq Miqrasiya Təşkilatının əməliyyatlar üzrə baş direktor müavini Uqoçi Daniels çıxış edəcək.
Müzakirələr əsasən münaqişə və böhranlardan zərər çəkmiş bölgələrdə mənzil sistemləri, yenidənqurma və bərpa mexanizmlərinə həsr olunacaq.
“İqlim–mənzil əlaqəsi” dialoqu
Bu dialoq iqlim dəyişikliklərinə qarşı dayanıqlı, aşağı karbonlu və inklüziv şəhər inkişafı modellərinə fokuslanacaq.
Sessiyada BMT Ətraf Mühit Proqramının icraçı direktor müavini Elizabet Maruma Mrema və İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin (IPCC) sədr müavini Diana Ürge-Vorsatz iştirak edəcək.
Burada iqlim risklərinə qarşı həssas icmaların qorunması, aşağı karbonlu mənzil həlləri və dayanıqlı şəhər modelləri müzakirə olunacaq.
Xüsusi sessiyalar və beynəlxalq təşəbbüslər
WUF13 çərçivəsində şəhər inkişafının müxtəlif istiqamətlərinə həsr olunan xüsusi sessiyalar da keçiriləcək. “Afrikada Əlçatan Mənzil Alyansı”na dair sessiyada beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə:
- “Shelter Afrique” təşkilatının prezidenti və baş icraçı direktoru Tierno-Həbib Hann,
- Afrikada Əlçatan Mənzil Maliyyəsi Mərkəzinin icraçı direktoru Kesia Rast iştirak edəcək.
“Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası” mövzusunda sessiyada isə:
- Mexiko şəhərinin meri Klara Bruqada,
- UNESCO-nun Dünya İrsi Mərkəzinin direktoru Lazar Elundu Assomo,
- “Bibliotheca Alexandrina”nın təsisçi direktoru İsmail Səragəldin çıxış edəcək.
Akademik və tədqiqat platforması
Forum çərçivəsində keçiriləcək Akademiya və Tədqiqat Dəyirmi Masasında elmi araşdırmaların, innovasiyaların və təhsilin qlobal mənzil böhranına praktik həllərin hazırlanmasındakı rolu müzakirə olunacaq.
Əsas çıxışçılar sırasında Paris 1 Panthéon-Sorbonne Universitetinin professoru və şəhər innovasiyaları üzrə ekspert Karlos Moreno da yer alır.
Şəhər həlləri üçün qlobal platforma
Hökumətlər, beynəlxalq təşkilatlar, yerli idarəetmə qurumları, vətəndaş cəmiyyəti, biznes dairələri, akademik sektor və ictimai təşəbbüsləri bir araya gətirəcək WUF13 təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması istiqamətində tərəfdaşlıqların gücləndirilməsi və qlobal mənzil böhranına qarşı fəaliyyətin sürətləndirilməsi üçün beynəlxalq platforma rolunu oynayacaq.
Ümumdünya Şəhərsalma Forumu haqqında
2001-ci ildə BMT tərəfindən təsis edilən ÜmumDünya Şəhərsalma Forumu davamlı urbanizasiya sahəsində dünyanın ən böyük beynəlxalq platforması hesab olunur. Forum sürətli urbanizasiyanın şəhərlərə, icmalara, iqtisadiyyata və iqlim dəyişikliklərinə təsirini müzakirə etmək məqsədi daşıyır. İlk forum 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə keçirilib.
BMT-Habitat haqqında
BMT-Habitat Birləşmiş Millətlər Təşkilatının davamlı urbanizasiya üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 90-dan çox ölkədə şəhər və qəsəbələrin sosial və ekoloji baxımdan davamlı inkişafını dəstəkləyən proqramlar həyata keçirir. BMT-Habitat şəhərlərdə transformativ dəyişiklikləri bilik, siyasət məsləhətləri, texniki dəstək və əməkdaşlıq mexanizmləri vasitəsilə təşviq edir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta