AZ

NYT: ABŞ və Çin iqtisadi uzunmüddətli müharibəyə hazırlaşır, zəif nöqtələri müəyyənləşdirir

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Szinpinin bu həftə Pekində keçiriləcək görüşündə əsas mesajın sülh və sabitlik olacağı gözlənilir...

Poliqon xəbər verir ki, bu barədə The New York Times yazıb.

Lakin nəşrin fikrincə, diplomatik bəyanatların arxasında hər iki tərəf daha sərt ssenariyə – uzunmüddətli iqtisadi qarşıdurmaya hazırlaşır. Tərəflər bir-birinin zəif nöqtələrini müəyyənləşdirir və qarşı tərəfə zərbə vurmaq üçün iqtisadi alətləri gücləndirirlər.

Məqalədə qeyd olunur: "Son həftələrdə Çin açıq şəkildə göstərib ki, artıq növbəti eskalasiyadan çəkinmir. Pekin ABŞ sanksiyalarına qarşı yeni hüquqi mexanizmlərdən istifadə etməyə başlayıb".

Bildirilib ki, Çin "Meta" şirkətinin Çin mənşəli perspektivli süni intellekt startapını satın almasına mane olub. Bundan başqa, Qərbin Çindən çıxış təşəbbüslərinə qoşulan xarici şirkətlərin cəzalandırılmasına yönəlmiş qaydalar da rəsmiləşdirilib.

Nəşr hesab edir ki, bu addımlar Vaşinqtonun Çin iqtisadiyyatının və texnoloji inkişafının qarşısını almağa yönəlmiş siyasətinə Pekinin cavab kampaniyasının bir hissəsidir.

Məqalədə vurğulanır ki, son bir ildə hər iki ölkə iqtisadi qarşıdurmanı daha da gücləndirib. ABŞ və Çin qarşılıqlı şəkildə yüksək gömrük rüsumları tətbiq edib, nadir torpaq elementləri və kritik texnologiyaların tədarükünü məhdudlaşdırıb, həmçinin iri sənaye şirkətlərinə qarşı sanksiyalar tətbiq ediblər.

The New York Times yazır ki, Si Szinpin və Donald Trampın iqtisadi təzyiq vasitələrinin istifadəsinə müəyyən məhdudiyyətlər qoymaq barədə razılığa gəlib-gəlməyəcəyi görüşün əsas nəticə göstəricisi olacaq.

"Control Risks" konsaltinq şirkətinin Çin üzrə eksperti Endryu Gilmolm bildirib: "Çin getdikcə daha açıq şəkildə hərəkətə hazır olduğunu göstərir. ABŞ sanksiyalarına cavab olaraq Pekinin əks tədbirlərdən daha tez-tez və daha geniş miqyasda istifadə etməsinin astanasındayıq".

Nəşr qeyd edir ki, bu qarşıdurma on il ərzində formalaşan həlledici mərhələyə çatıb. Donald Tramp ilk prezidentlik dövründə Çinlə texnologiya və ticarət sahəsində qarşıdurmanın qaçılmaz olduğunu bildirmişdi.

Həmin dövrdə ABŞ Çin iqtisadiyyatının müəyyən sektorlarına gömrük rüsumları tətbiq etmiş və bəzi şirkətlərə qarşı sanksiyalar qəbul etmişdi.

Məqalədə xatırladılır ki, Çin əvvəlcə əsasən simvolik və məhdud cavab addımları atmışdı. Tənzimləyici qurumlar ABŞ tədbirlərini təkrarlayan qanunlar hazırlamış, “qara siyahılar” və ixrac nəzarəti siyahıları yaratmışdı.

Lakin nəşrin fikrincə: "Əvvəlcə "gözə-göz" prinsipi ilə başlayan qarşıdurma sonradan qlobal təchizat zəncirlərini əhatə edən genişmiqyaslı münaqişəyə çevrildi və ölkələr ilə şirkətləri nəticələrin öhdəsindən gəlmək üçün təcili həll yolları axtarmağa məcbur etdi".

Məqalədə həmçinin bildirilir ki, hər iki ölkənin genişlənən tənzimləmə sistemlərindən iqtisadi təzyiq vasitəsi kimi istifadə etməsi ilə bağlı narahatlıq artır. Bu isə digər ölkələri və şirkətləri də münaqişəyə cəlb edə bilər.

Biznes nümayəndələri və ekspertlər xəbərdarlıq edirlər ki, iki supergüc dünya ölkələrini getdikcə daha çox seçim qarşısında qoyur: Çin, yoxsa ABŞ.

Poliqon.info

Seçilən
72
poliqon.info

1Mənbələr