AZ

Trampın keçmiş müşaviri ABŞ-ın İranla bağlı iki ssenarini açıqlayıb

ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib ki, prezident Donald Tramp İranla bağlı ABŞ və İsrailin həyata keçirdiyi zərbələrdən sonra "özünün yaratdığı tələyə düşüb"...

Poliqon xəbər verir ki, o, bu barədə The Washington Post üçün yazdığı məqalədə qeyd edib.

Boltonun sözlərinə görə, Tramp son həftələrdə həm "qələbə" elan etməyə imkan verəcək bir razılaşma əldə etməyə çalışıb, həm də Barak Obamanın dövründəki İran nüvə sazişinə bənzər bir anlaşmadan çəkinib.

O bildirib ki, ABŞ administrasiyası hərbi əməliyyatlardan əvvəl cəmiyyətə İrana qarşı güc tətbiqinin səbəblərini, o cümlədən rejim dəyişikliyi, nüvə təhlükəsinin aradan qaldırılması və ya hərbi potensialın məhv edilməsi məqsədlərini aydın şəkildə izah etməyib. Həmçinin Konqres, NATO müttəfiqləri, Fars körfəzi ölkələri və Hind-Sakit okean tərəfdaşları ilə tam məsləhətləşmələrin aparılmadığını iddia edib.

Bolton 1991-ci ildə Körfəz müharibəsi zamanı həyata keçirilən “Səhrada fırtına” əməliyyatı ilə müqayisə apararaq bildirib ki, o zaman ABŞ geniş siyasi və diplomatik hazırlıq görmüşdü.

Onun sözlərinə görə, ABŞ İran daxilindəki müxalifət və etiraz dalğaları ilə də koordinasiyalı işləməyib. O, 2022-ci ildə Məhsa Əmini ölümündən sonra İranda baş verən etirazları xatırladıb.

Bununla belə, keçmiş müşavir hərbi əməliyyatların "son dərəcə uğurlu", lakin yarımçıq olduğunu qeyd edib. Onun fikrincə, əsas problem əməliyyatın başlanması deyil, onun tam məqsədə çatdırılmamasıdır.

Bolton Uinston Çörçilin 1956-cı il Süveyş böhranı ilə bağlı fikirlərinə istinad edərək bildirib ki, Tramp hazırda diplomatik çıxış yolu axtarır və İranın güzəştlərinə ümid edir.

Onun qiymətləndirməsinə görə, Tehran vaxt qazanaraq hərbi, o cümlədən nüvə və raket proqramlarını bərpa etməyə çalışır.

Bolton ABŞ üçün iki əsas ssenari olduğunu deyib. Birinci variant atəşkəsin faktiki olaraq başa çatdırılması və İranın hərbi infrastrukturuna zərbələrin davam etdirilməsidir. İkinci variant isə Hörmüz boğazında dəniz nəqliyyatının hərbi yolla təmin edilməsi və İranın dəniz blokadasının saxlanılmasıdır.

O, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinə nəzarətin ABŞ və qlobal enerji bazarları üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Boltonu fikrincə, İranın dəniz təhlükəsinə cavab olaraq onun katerləri, raket sistemləri və dronlarının məhv edilməsi zəruri ola bilər.

Sonda o qeyd edib ki, Fars körfəzi regionunda İranın təsirinin məhdudlaşdırılması həm ABŞ, həm də ərəb ölkələri üçün əsas məqsəd olaraq qalır və yekun qərar prezident Trampın mövqeyindən asılıdır.

Poliqon.info

Seçilən
65
poliqon.info

1Mənbələr