AZ

Tokio ilk dəfə Bakıdan neft aldı

İran ətrafında gərginliyin artmasından sonra Azərbaycandan yüklənmiş neft daşıyan tanker ilk dəfə olaraq Yaponiyaya çatıb.

VAXT.AZ xəbər verir ki, yerli KİV-in məlumatına görə, neft partiyasını Yaponiyanın ən iri neft emalı şirkətlərindən biri olan ENEOS satın alıb. Şirkət eyni zamanda ölkənin ən böyük yanacaqdoldurma şəbəkələrindən birinin operatorudur.

Məlumata əsasən, tanker Yaponiyaya təxminən 45 min kilolitr (283 min barrel) neft gətirib. Bu həcm ölkənin gündəlik neft tələbatının təxminən 16%-nə bərabərdir.

Azərbaycan neftinin alınması Yaponiyanın enerji idxalını şaxələndirmək strategiyasının bir hissəsi hesab olunur. Bu addım Hörmüz boğazında gəmiçiliyin çətinləşməsi fonunda atılıb.

Yaponiya hökuməti bundan əvvəl bəyan etmişdi ki, ölkə ən azı 2026-cı ilin sonunadək daxili neft tələbatını tam şəkildə qarşılamaq imkanına malikdir. Bunun alternativ tədarük marşrutları və strateji ehtiyatların bir hissəsinin istifadəyə verilməsi hesabına mümkün olacağı bildirilirdi.

Alternativ marşrutlar arasında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyra limanı və Səudiyyə Ərəbistanının Yənbu əl-Bəhr limanı vasitəsilə tədarükləri göstərilir. Həmçinin ABŞ-nin Texas ştatındakı terminallardan Yaponiyaya neft ixracını əhəmiyyətli dərəcədə artırmaq imkanına malik olduğu vurğulanıb.

Eyni zamanda, Yaponiya təxminən bir ildən sonra ilk dəfə Rusiyadan da neft partiyası alıb. Bu tədarükü “Taiyo Oil” həyata keçirib. Saxalindən yüklənmiş tanker mayın əvvəlində Yaponiyaya çatıb.

Martın 16-dan etibarən Yaponiyada strateji ehtiyatlardan 45 günlük tələbatı qarşılayacaq həcmdə neft satışına başlanılıb. Bu neft topdansatış şirkətlərinə ABŞ və İsrailin İrana zərbələrindən əvvəlki qiymətlərə yaxın səviyyədə təklif olunur.

Hazırda Yaponiyanın dövlət və özəl şirkətlərə məxsus ümumi neft ehtiyatı təxminən 470 milyon barel təşkil edir. Bu həcm ölkənin 254 günlük tələbatını ödəməyə imkan verir.

Seçilən
46
vaxt.az

1Mənbələr