AZ

Moldovalı sahibkar: WUF13 müxtəlif şəhərlərin praktik təcrübəsinin birləşdirilməsi baxımından əhəmiyyətlidir

Kişineu, 12 may, AZƏRTAC

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu - WUF13 dünyanın hər yerindən şəhər nümayəndələrini, mütəxəssisləri və müvafiq təşkilatları bir araya gətirəcək əhəmiyyətli bir beynəlxalq tədbirdir. Burada davamlı inkişaf və müasir şəhər problemləri müzakirə ediləcək.

Bu barədə AZƏRTAC-a WUF13-də iştirak edəcək moldovalı sahibkar və Moldova Azərbaycanlıları Konqresi Şurasının sədri Ramil Adıgözəlov bildirib.

Onun sözlərinə görə, belə bir forumda iştirak bələdiyyələr üçün təcrübə mübadiləsi aparmaq və şəhər infrastrukturu, mobillik, rəqəmsallaşma və sakinlərin həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində qabaqcıl həllər haqqında məlumat əldə etmək üçün yaxşı fürsətdir. Bu cür platformalar, həmçinin şəhərlər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

Sahibkar deyib: “Əminəm ki, Bakıdakı forum müasir urbanizasiya üzrə beynəlxalq dialoqun inkişafına əhəmiyyətli töhfə verəcək. Onun dəyəri müxtəlif şəhərlərin praktik təcrübəsini, ekspert biliklərini və innovativ yanaşmaları bir araya gətirərək davamlı inkişaf, ətraf mühitin dayanıqlılığı və şəhər idarəçiliyinin rəqəmsal transformasiyası sahələrində effektiv həllər hazırlamaqdadır. Bu qəbildən olan tədbirlər yalnız mövcud problemləri müzakirə etməyə deyil, həm də bələdiyyələr arasında əməkdaşlıq və uğurlu təcrübə mübadiləsi üçün real mexanizmlərin hazırlanmasına kömək edir”.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Seçilən
26
1
azertag.az

2Mənbələr