Bakı, 12 may, AZƏRTAC
Azərbaycanda dövlət torpaq sahələrinin icarəsi ilə bağlı tətbiq olunacaq yeni güzəşt mexanizmi iri torpaq sahələrinin istifadəsini stimullaşdıracaq və iqtisadi fəallığın artmasına töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən torpaq sahələrinin ölçüsündən asılı olaraq icarəhaqqına güzəştli əmsallar tətbiq ediləcək.
“Belə ki, 5 min kvadratmetrə qədər torpaq sahələri üçün 1 əmsal, 5001–10 000 kvadratmetr arası sahələr üçün 0,8 əmsal, 10001–50 000 kvadratmetr arası sahələr üçün 0,7 əmsal, 50001 kvadratmetrdən yuxarı sahələr üçün isə 0,5 əmsal nəzərdə tutulur. Bu mexanizm nəticəsində xüsusilə böyük torpaq sahələri üzrə icarəhaqqında 50 faizə qədər azalma mümkün olacaq. Güzəştlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilən torpaq sahələrinə şamil olunacaq. Bunlara özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, həmçinin hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqları daxildir. Layihə hazırlanarkən qərarın mümkün iqtisadi təsirləri təhlil olunub və nəticədə bu dəyişikliklərin həm sahibkarlar, həm də dövlət üçün faydalı olacağı qənaətinə gəlinib. O cümlədən icarəhaqqının azalması sahibkarların maliyyə yükünü azaldacaq, iri torpaq sahələrinin icarəyə götürülməsinə marağı artıracaq. Bu isə istifadəsiz qalan və ya səmərəsiz istifadə olunan torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsinə və dövlət büdcəsinə daxilolmaların artmasına şərait yaradacaq”, – deyə E.Babayev vurğulayıb.
Qurum rəsmisi bildirib ki, əvvəlki qaydalara əsasən Bakı şəhərində torpaq sahələrinin illik icarəhaqqı onun bazar dəyərinin 3 faizi, digər şəhər və rayonlarda isə 2 faizi həcmində müəyyən edilirdi və bu prinsip saxlanılır: “Yeni dəyişiklikdə əsas fərq ondan ibarətdir ki, əlavə olaraq torpaq sahəsinin ölçüsündən asılı əmsallar tətbiq edilir. Nəticədə sahə böyüdükcə icarəhaqqı daha aşağı hesablanacaq”.
Qurum rəsmisinin fikrincə, yeni yanaşma iri istehsal, sənaye, logistika və aqrar layihələrin inkişafına da müsbət təsir göstərəcək.