“Azərbaycan Dəmir Yolları”nın Bakı Beynəlxalq Dəniz Limanı bu il 120 min TEU (Twenty-foot Equivalent Unit - iyirmifutluq ekvivalent standartı) konteyner aşırmağı planlaşdırır (illik müqayisədə 12% artım).
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov bildirib.
“İlin ilk dörd ayının göstəricilərinə əsasən hədəflərimiz kifayət qədər yüksəkdir. Hazırda operativ məlumatlar hesablanır. Göstəricilər ötən ilin eyni dövrü ilə demək olar ki, eynidir, hətta bir qədər də yüksəkdir.
Bu il konteyner daşımaları sahəsində yük aşırma imkanlarımızın ötən il qeydə alınan 107 min TEU-dan 120 min TEU-ya çatdırılması nəzərdə tutulur”, - deyə Eldar Salahov qeyd edib.
Onun sözlərinə görə, planlara əsasən, limanın inkişafının birinci mərhələsi çərçivəsində illik konteyner aşırma gücünün hazırkı 150 min TEU-dan 260 min TEU-yə qədər artırılması nəzərdə tutulur. Bu məqsədə çatmaq üçün müvafiq işlər həyata keçirilir.
“Bakı Limanının hazırda konteyner daşımaları üzrə texniki imkanı 150 min TEU təşkil edir. Biz artıq müəyyən investisiya fəaliyyətinə başlamışıq, müvafiq avadanlıqların alınması, liman və çeşidləmə stansiyasının imkanlarının artırılması istiqamətində əhəmiyyətli işlər görürük. Həmçinin dəniz dibinin dərinləşdirilməsi məsələsi də var", - deyə Eldar Salahov vurğulayıb.