AZ

40-dan çox saxlanılan var – Yenə narkotik, yenə silah...

Ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyat tədbirləri, oğurluq faktları, narkotik plantasiyasının aşkarlanması və qanunsuz silahların götürülməsi ilə bağlı detallar açıqlanıb.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Balakən rayonunda narkotik plantasiyası aşkarlanıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov saxlanılıb. Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Fakt üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

post-img

Nazirliyin gündəlik əməliyyat məlumatında qeyd olunub ki, mayın 11-də ölkə üzrə qeydə alınmış 49 cinayətin, həmçinin, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin edilib. Məlumata görə, ümumilikdə 43 nəfər saxlanılıb və onların 21-i borclu şəxs kimi axtarışda olub. Narkotiklərlə bağlı 17 fakt aşkarlanıb, qanunsuz silah-sursatla əlaqədar 5 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər isə saxlanılıb.

Bundan başqa, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

DİN-in digər məlumatına görə, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Əməliyyat tədbirləri zamanı paytaxt və respublikanın müxtəlif rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 tüfəng, 6 patron darağı, 2 mərmi və 215 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb. Paytaxtın Xətai rayonu ərazisində isə qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, evlərin birindən 15 min manat nağd pul və 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun müxtəlif vaxtlarda evə daxil olaraq pul və qızıl-zinət əşyalarını hissə-hissə oğurladığı müəyyən edilib. Həmçinin Abşeron rayonu və Binəqədi rayonu ərazilərində oğurluq edən şəxslər də saxlanılıblar. Belə ki, Abşeron rayonunda bir nəfərə məxsus 2300 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 33 yaşlı A.Abdullayev tutulub. Binəqədi rayonunda isə yeni tikilməkdə olan evlərin birindən təmir-tikinti alətləri və metal borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı N.Bağırov saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr