Qlobal enerji bazarları hazırda yüksək geosiyasi həssaslıq dövründən keçir. Xüsusilə Yaxın Şərq regionunda baş verən gərginliklər dünya enerji təhlükəsizliyinə birbaşa təsir göstərməkdədir. Strateji əhəmiyyətə malik Hörmüz boğazı bu baxımdan qlobal neft tədarük zəncirinin ən kritik nöqtələrindən biri olaraq qalır. Burada yaranan istənilən risk və ya məhdudiyyət yalnız regionu deyil, həm də bütün dünya iqtisadiyyatını təsir altına alır. Belə şəraitdə enerji qiymətlərinin dəyişkənliyi və təchizatın sabitliyi məsələsi daha da aktuallaşır. Azərbaycan kimi enerji ixracatçısı ölkələr üçün isə bu proseslərin qlobal bazarda yaratdığı dalğalanmalar xüsusi diqqətlə izlənilir.
İqtisadçı ekspert Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazında baş verən proseslər son iki ayda neft qiymətlərinin kəskin şəkildə, təxminən 70–80 faiz artmasına səbəb olub:

“Hələ də yüksək olaraq qalır. Yəni Hörmüz problemi ortaya çıxmamışdan əvvəl neft qiymətləri 55–60 dollar arasında idi. Hətta o dövrdə belə qiymətlərin bir qədər də enəcəyi gözlənilirdi. Lakin gərginlik başlayandan sonra qiymətlər kəskin şəkildə bahalaşdı və ən azı iki dəfə artım müşahidə olundu. Əgər bu proses davamlı xarakter alarsa, vəziyyət daha da dəyişə bilər. Çünki bazarlar hazırda problemin qısa müddətdə həll olunacağı gözləntisi ilə hərəkət edir”.
Onun sözlərinə görə, əgər mövcud vəziyyətin uzunmüddətli olacağına dair ciddi əminlik formalaşsa, neft qiymətlərində əlavə artımlar qaçılmaz ola bilər:
“Hazırda isə bazar iştirakçıları problemin yaxın həftələr və ya aylarda həll olunacağı, Hörmüz boğazında əvvəlki axıcılığın bərpa ediləcəyi ehtimalına fokuslanıb. Ümumi proseslər neft təklifində ciddi azalmaya səbəb olarsa, bu, qiymətlərin mövcud səviyyədən daha da yuxarı qalxmasına gətirib çıxara bilər.
Qlobal iqtisadiyyata təsirə gəlincə isə, bu cür vəziyyət inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Enerji qiymətlərinin artması neft-kimya məhsullarının bahalaşmasına, eyni zamanda daşınma xərclərinin yüksəlməsinə gətirib çıxarır. Nəticə etibarilə bu proses ərzaq və qeyri-ərzaq məhsullarının ümumi qiymət artımını sürətləndirə bilər”.
//Gülnarə Abasova, Editor.az