ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Qlobal siyasi səhnədə ilin ən kritik görüşlərindən biri üçün geri sayım başlayıb.
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin bu həftə Pekində görüşür. Hər iki tərəfin gündəliyi aydındır. Vaşinqton “5B”-lərlə, Pekin isə “3T”-lərlə masa arxasında olacaq...
Bakupost.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp təxminən 9 ildən sonra Çinə səfər edəcək. Əvvəllər 31 mart-2 aprel tarixlərində nəzərdə tutulan səfər İran müharibəsi səbəbindən mayın 13-15-nə dəyişdirilib.
İki gün davam edəcək sammit Tramp və Si arasında keçən oktyabr ayında Cənubi Koreyada təmasda olduqdan sonra ilk üz-üzə görüş olacaq. Seulda keçirilən görüşdə gömrük vergiləri və nadir torpaq elementlərinin qlobal tədarükü məsələləri müzakirə edilmişdi.
İki liderin son görüşündən sonra güc balansı əhəmiyyətli dərəcədə dəyişib. ABŞ Yaxın Şərqdə Çinin müttəfiqi olan İranla münaqişədədir.
MASADAKI MÖVZULAR: "5B" VƏ "3T"
“The New York Times” qəzetinin yazdığına görə, Vaşinqtonun tələblərinə aşağıdakılar daxildir: “Boeing” təyyarələri, mal əti (beef), soya (beans), Ticarət Şurası (The Board of Trade) və İnvestisiya Şurası (The Board of Investment).
ÇİN “3T” DEYİR
Pekin isə "3T" kimi kodlaşdırılmış mövzulara diqqət yetirir: tariflər, texnologiya və Tayvan.
Həmçinin Trampın Pekindən Hörmüz boğazının açılması üçün İrana təsir göstərməsini istəyəcəyi ehtimal edilir. Bildirilir ki, bütün bunlarla yanaşı, süni intellektin yaratdığı risklərin idarə olunması üzrə əməkdaşlıq forması da razılaşdırıla bilər.
Məlumata görə, Honq-Konqlu fəal Cimmi Lainin həbsi, Çinin nüvə silahı proqramı, Cənubi Çin dənizində təhlükəsizlik məsələləri və ABŞ-yə fentanil daşınmasının dayandırılması gündəmin digər maddələrindəndir.
DANIŞIQLARIN TƏHLÜKƏLİ TƏRƏFİ
Sammitə ən böyük maneə İran müharibəsi ilə bağlı fikir ayrılığıdır. Çin İran rəsmilərini ABŞ ilə danışıqlar aparmağa təşviq edir, eyni zamanda xəbərdarlıqlar da edir. Keçən ay Trampın adını çəkmədən Çin onu beynəlxalq hüquqa məhəl qoymadığına görə tənqid edib və bunu “cəngəllik qanunlarına qayıdış” adlandırıb.
Bilal, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.