AZ

Makronun “xilaskar” oyunu və ifşa olunan siyasi reallıq

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənab Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanda özünü “xilaskar” kimi təqdim etməyə çalışan bəzi xarici liderlərin real siyasi çəkisinin olmadığını vurğulayaraq onların yalnız ritorika ilə çıxış etdiyini, lakin öz ölkələrində belə ciddi ictimai dəstəyə malik olmadıqlarını qeyd edib.

Dövlət başçısı xüsusilə Fransada aşağı reytinqlə üzləşən Emmanuel Makronun Ermənistan məsələsi üzərindən siyasi dividend qazanmaq cəhdlərini real vəziyyətdən uzaq və qeyri-səmimi yanaşma kimi xarakterizə edib. Eyni zamanda Makronun Ermənistana səfər planını Türkiyə üzərindən həyata keçirmək cəhdləri də regionda diplomatik həssaslığın və siyasi reallıqların nəzərə alınmadığını göstərib. Lakin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəti və prinsipial mövqeyi bu cəhdlərin qarşısını alaraq regional siyasətdə əsas söz sahibinin Bakı və Ankara olduğunu bir daha ortaya qoyub. Bu gün Azərbaycan və Türkiyə liderləri yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın siyasi gündəmini formalaşdıran əsas güc mərkəzləri kimi çıxış edirlər.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zəngilanda sakinləərlə görüşü zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız daxili auditoriyaya ünvanlanan çıxış deyildi, eyni zamanda regionda və beynəlxalq müstəvidə baş verən proseslərə verilən açıq siyasi mesaj idi.

“Dövlət başçısının çıxışları hər zaman olduğu kimi bu dəfə də həm tarixə söykənən siyasi yaddaşı, həm də formalaşan yeni geosiyasi reallıqları özündə əks etdirdi. Xüsusilə Ermənistanda keçirilən Avropa siyasi forumu və Fransa prezidenti Emmanuel Makronun növbəti dəfə özünü ermənilərin “xilaskarı” kimi təqdim etməyə çalışması fonunda Prezident İlham Əliyevin sərgilədiyi mövqe Azərbaycanın regionda söz sahibi olan dövlət olduğunu bir daha ortaya qoydu”-deyə deputat bildiirb.

O qeyd edib ki, Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldığı dövrdə ATƏT-in Minsk qrupu adlı vasitəçilik mexanizmi fəaliyyət göstərirdi.

Formal olaraq məqsəd guya ədaləti və beynəlxalq hüququ bərpa etmək idi. Amma reallıq göstərdi ki, həmin həmsədrlər — ABŞ, Fransa və Rusiya — faktiki olaraq işğalın nəticələrinin qorunmasına xidmət edən siyasət yürüdürdülər. Dünyanın ən güclü dövlətləri hesab olunan, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bu ölkələr beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin etmək əvəzinə, Azərbaycana təslimçi kompromis təlqin etməyə çalışırdılar: “ Mesaj açıq idi: Azərbaycan reallıqla barışmalı, torpaqlarının işğalını qəbul etməli və bunun müqabilində bölgəyə “sülh” gəlməli idi.

Lakin Azərbaycan bu ssenarini qəbul etmədi. Prezident İlham Əliyev sona qədər siyasi iradə nümayiş etdirdi və Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarını işğaldan azad etdi. Bununla təkcə ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunmadı, eyni zamanda illərlə kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri də faktiki olaraq icra edildi. Azərbaycan dünyaya separatizmdən, terrorçuluqdan və işğaldan qurtulmağın real modelini göstərdi. Ən vacib məqamlardan biri isə budur ki, Azərbaycan öz gücü ilə regionda yeni siyasi reallıq formalaşdırdı və bu reallıq Ermənistanın özünün də gələcək dövlətçilik imkanlarını müəyyənləşdirdi”.

Deputat vurğulayıb ki, bu gün Ermənistanda Avropa liderlərinin sərbəst şəkildə forum keçirməsi, Paşinyan hakimiyyətinin “real Ermənistan” anlayışını gündəmə gətirməsi və Rusiyanın təsir dairəsindən çıxmağa çalışması məhz Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyətin nəticəsidir. Əgər 2020-ci ildə Azərbaycan regionda mövcud status-kvonu dəyişməsəydi, Ermənistan bu gün belə müstəqil manevr imkanlarına sahib ola bilməzdi.

Deputatın fikrincə, paradoks ondadır ki, Makron kimi siyasətçilər bu reallığı görməzlikdən gələrək özlərini guya Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi təqdim etməyə çalışırlar. Halbuki Azərbaycan heç vaxt təcavüzkar siyasət yürütməyib. Əksinə, 30 il ərzində torpaqları işğal altında olduğu halda belə sülh danışıqlarına sadiq qaldığını nümayiş etdirib.

“Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ prezidenti Donald Trampla dialoqu da bu baxımdan diqqət çəkən məqamlardan biri idi. Donald Tramp Azərbaycanın hərbi qələbədən sonra niyə Ermənistan ərazisinə daxil olmadığını soruşarkən, Prezident İlham Əliyev çox qısa, lakin siyasi baxımdan son dərəcə ağır bir cavab verdi: “Bizə başqa ərazilər lazım deyil. Öz torpaqlarımızı işğaldan azad etdik”. Halbuki reallıqda Azərbaycan Ordusu həmin dövrdə Ermənistan daxilində daha geniş hərbi üstünlük əldə etmək imkanına malik idi. Ermənistan ordusu faktiki olaraq dağılmış, minlərlə fərari qeydə alınmışdı. Amma Azərbaycan bunu etmədi və bununla regionda fərqli siyasi davranış modeli nümayiş etdirdi.

Bu gün də Makron kimilərinə, Ermənistan üzərindən regiona təsir etmək istəyən dairələrə verilən əsas mesaj dəyişmir: Cənubi Qafqazda əsas söz və güc sahibi Azərbaycandır. Azərbaycan olmadan regionda heç bir layihənin həyata keçməsi mümkün deyil. Türkiyənin də Azərbaycanla eyni siyasi xətt üzrə hərəkət etməsi bunu daha aydın göstərir. Makronun Türkiyə üzərindən siyasi nümayiş etdirmək cəhdlərinin qarşısının alınması da təsadüfi deyildi. Çünki Ankara və Bakı region məsələlərində ortaq qərar, ortaq strateji yanaşma və ortaq siyasi mövqe sərgiləyirlər”-deyən deputat hesab edir ki, bu reallığı həm Ermənistandakı revanşist qüvvələr, həm də Qərbdə özünü erməni xalqına qəhrəman kimi təqdim etməyə çalışan siyasətçilər anlamalıdırlar. Ermənistanın gələcəyi kənardan himayə axtarmaqda deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqda, regional əməkdaşlığa qoşulmaqda və iqtisadi blokadadan çıxmaqdadır. Əks halda Ermənistan yeni geosiyasi reallıqları qəbul etmədiyi təqdirdə daha ağır siyasi və iqtisadi böhranlarla üz-üzə qala bilər. Regionun yeni düzənində artıq güc balansı dəyişib və bu balansın mərkəzində Azərbaycan dayanır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
bizimyol.info

1Mənbələr