AZ

Urbisid, ekosid, kultursid: Qarabağın görünən və görünməyən yaraları

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan qiymətləndirmələr zamanı ortaya çıxan genişmiqyaslı dağıntılar artıq yalnız müharibənin nəticəsi kimi deyil, urbisid, ekosid və kultursid anlayışları çərçivəsində də gündəmə gətirilir. Şəhərlərin tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi və yaşayış məntəqələrinin viran qoyulması urbisid nümunəsi kimi qiymətləndirilir. Təbiətə vurulan ciddi zərər, meşələrin məhv edilməsi, ekosistemlərin dəyişdirilməsi isə ekosid anlayışı ilə izah olunur. Tarixi, dini və mədəni irsin dağıdılması, abidələrin yer üzündən silinməsi isə kultursid kimi xarakterizə edilir.

Belə bir şəraitdə həmin faktların beynəlxalq hüquqi müstəvidə daha geniş şəkildə tanınması gələcəkdə həm hüquqi məsuliyyət məsələlərinin gündəmə gəlməsi, həm də ədalət və bərpa proseslərinin daha sistemli şəkildə aparılması baxımından mühüm əhəmiyyət daşıya bilər. Bu baxımdan urbisid, ekosid və kultursid anlayışlarının beynəlxalq səviyyədə daha geniş qəbul olunması postmünaqişə dövründə hüquqi və siyasi yanaşmalara necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Tural Gəncəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri zamanı təkcə dağıdılmış şəhər və kəndlərin deyil, eyni zamanda illərlə həyata keçirilmiş sistemli vandalizmin izləri ortaya çıxır. Deputatın sözlərinə görə, işğal dövründə şəhərlər, qəsəbələr, tarixi və dini abidələr dağıdılıb, təbiət məhv edilib, azərbaycanlılara məxsus izlərin silinməsi istiqamətində beynəlxalq hüquq baxımından ağır cinayətlər törədilib.

Deputat qeyd edib ki, Ermənistanın əsas məqsədi həmin ərazilərin bir daha yaşayış üçün normal məkana çevrilməsinin qarşısını almaq və azərbaycanlıların doğma torpaqlarına qayıdışını əngəlləmək olub.

“Təsadüfi deyil ki, iki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində etdiyi çıxışda əslində mühüm bir etiraf səsləndirdi. O bildirdi ki, Qarabağ heç vaxt Ermənistan olmayıb. Hətta ritorik sual verdi ki, əgər həmin torpaqlar Ermənistanın idisə, bəlkə orada bir məktəb tikmişdik, bir bağça salmışdıq, bir yol çəkmişdik? Bu açıqlama bir daha göstərdi ki, Ermənistan həmin torpaqlarda qurmaq yox, dağıtmaq siyasəti yürüdüb”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, Ermənistanın işğal dövründə həyata keçirdiyi əməllər beynəlxalq hüquq baxımından ağır müharibə cinayətləri hesab olunur. Deputat bildirib ki, burada söhbət təkcə dağıntıdan getmir, eyni zamanda kultursid, ekosid və insanların milli-mədəni izlərinin sistemli şəkildə silinməsindən gedir.

“Bu, başqa bir xalqa məxsus ərazilərdə həmin xalqın tarixini, mədəniyyətini və mənəvi kimliyini məhv etmək cəhdi idi. Ermənistan özü də bilirdi ki, həmin torpaqlar ona aid deyil və gec-tez geri qaytarılacaq. Buna görə də əsas məqsəd azərbaycanlıların izlərini tamamilə silmək idi”, – deyə deputat vurğulayıb.

Tural Gəncəliyev qeyd edib ki, Ermənistanın törətdiyi cinayətlərin nəticələri bu gün də davam edir. O bildirib ki, ərazilərin minalarla çirkləndirilməsi insanların həyatını hələ də təhlükə altında saxlayır.

“Bir neçə gün əvvəl Kəlbəcərdə yenidən iki hərbi qulluqçumuz minaya düşdü. Bu fakt göstərir ki, Ermənistanın törətdiyi cinayətlərin müddəti bitməyib. Bu gün də həmin cinayətlərin nəticələri davam edir”, – deyə deputat bildirib.

Deputatın sözlərinə görə, şəhər və kəndlər mərhələli şəkildə yenidən qurulur, insanlar doğma torpaqlarına qayıdır. Lakin dağıdılmış təbiətin bərpası, minaların tam təmizlənməsi və xüsusilə məhv edilmiş tarixi-mədəni irsin əvvəlki vəziyyətinə qaytarılması daha çətin və uzunmüddətli prosesdir.

“Azərbaycan məscidləri, dini abidələri və tarixi tikililəri bərpa edir. Amma Ermənistanın törətdiyi ağır cinayətlərin ən böyük nəticəsi odur ki, həmin abidələrin orijinalını geri qaytarmaq mümkün deyil. Çünki bir çox qədim abidələr tamamilə məhv edilib, hətta daşları belə sökülərək başqa ölkələrə aparılıb və satılıb”, – deyə deputat qeyd edib.

Tural Gəncəliyev vurğulayıb ki, bütün bunlar beynəlxalq təşkilatların gündəmində saxlanılmalıdır. Deputat bildirib ki, beynəlxalq hüququn və beynəlxalq təşkilatların nüfuzu əvvəlki qədər güclü görünməsə də, Azərbaycanın bu məsələləri daim beynəlxalq ictimaiyyətin diqqətində saxlaması vacibdir.

Deputat həmçinin qeyd edib ki, yeni dünya düzənində Azərbaycan ilk növbədə öz gücünə, siyasi iradəsinə və güclü liderliyinə arxalanmalıdır.

“Cənab Prezident İlham Əliyev də Zəngilanda bu məsələyə toxundu. ATƏT-in Minsk qrupu kimi mənasız beynəlxalq təsisat 30 il ərzində nə kultursid, nə ekosid, nə də azərbaycanlılara qarşı törədilən vandalizm barədə ciddi mövqe ortaya qoydu. Bu gün artıq Azərbaycan öz siyasətinə, öz dövlət gücünə və milli iradəsinə güvənərək yoluna davam edir”, – deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
bizimyol.info

1Mənbələr