Çərşənbə axşamı Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində polis maşınına edilən bomba hücumunda iki polis məmuru da daxil olmaqla yeddi nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Oxuməni.az xəbər verir ki, bu barədə polis mənbələri “Sinxua” agentliyinə anonimlik şərti ilə bildiriblər.
Hadisə Lakki Marvat rayonundakı ərazidə adi polis patrulu zamanı baş verib.
"Partlayış izdihamlı bazar ərazisində baş verdiyi üçün hadisə yerindən keçən çox sayda mülki şəxs də ölüb və ya yaralanıb", - deyə mənbələr əlavə ediblər.
Ərazi araşdırma üçün mühasirəyə alınıb. Partlayışdan sonra hadisə yerinə istehkamçı dəstə gəlib və hazırda partlayışın xarakteri müəyyən edilir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb. Hücuma görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
Almaz Həsənli