Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuz sahibidir
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirak etmişdir.
Ölkə başçısının çıxışı həm təhlükəsizlik məsələləri, həm enerji resurslarının birgə istifadəsi, həm də qlobal miqyasda gedən siyasi proseslər baxımından mühüm fikirlərlə diqqət çəkdi . Səsləndirilən mesajlar Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığa açıq, etibarlı və balanslı mövqe tutduğunu bir daha nümayiş etdirdi. Ümumilikdə bu iştirak ölkənin beynəlxalq münasibətlər sistemində rolunun daha da gücləndiyini ortaya qoydu.
Bununla yanaşı Prezident doğma Partiyamızın Sədri Cənab İlham Əliyev çıxışında Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə olunan razılaşmalara diqqət çəkərək bildirib ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə hər iki ölkənin rəhbərləri tərəfindən Birgə Bəyannamə imzalanıb və bu sənədə ABŞ Prezidenti Donald Tramp da şahid qismində qoşulub. Prezident qeyd edib ki, eyni zamanda xarici işlər nazirləri sülh sazişinin mətnini ilkin şəkildə razılaşdıraraq paraflayıblar və bu, regionda sülhün artıq real mərhələyə qədəm qoyduğunu göstərir.
Dövlət başçısının sözlərinə görə, əldə olunan razılaşmalardan sonra Azərbaycan 1990-cı illərin əvvəllərindən mövcud olan tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və bunun nəticəsində Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yük daşınıb. O, həmçinin vurğulayıb ki, əməkdaşlığın genişlənməsi istiqamətində Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsulları – benzin və dizel – ixrac etməyə başlayıb və artıq bu istiqamətdə də müəyyən həcmdə tədarük həyata keçirilib. Prezident bu addımları regionda münasibətlərin normallaşması və iqtisadi əlaqələrin bərpası baxımından mühüm irəliləyiş kimi qiymətləndirib.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı