AZ

Ermənistan niyə sürətlə silahlanır? - Deputatdan AÇIQLAMA

"Bu gün Ermənistanın yenidən müəyyən qüvvələrin əlində alətə çevrilmək üçün göstərdiyi səylər açıq şəkildə görünür. Burada konkret olaraq Fransadan söhbət gedir. Təbii ki, Prezident bunu açıq şəkildə ad çəkmədən ifadə etdi, amma biz bunu daha aydın formada deyə bilərik. Yaxın Şərqdə, Afrikada və müxtəlif regionlarda siyasəti iflasa uğrayan, bir sıra yerlərdən sıxışdırılıb çıxarılan Fransa yeni geosiyasi dayaq nöqtələri axtarır. Ermənistan isə böyük məmnuniyyətlə həmin neokolonial siyasətdə forpost və platsdarm funksiyasını üzərinə götürməyə çalışır. Bu, artıq açıq şəkildə görünür və Ermənistanın sürətli silahlanması da məhz bu məqsədə xidmət edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Biz Prezident Makronun siyasi ritorikası ilə real əməlləri arasındakı açıq ziddiyyəti görürük. Bu baxımdan, Ermənistanın, o cümlədən Paşinyan hakimiyyətinin hazırda apardığı siyasətlə bağlı Ermənistan parlamentinin sədri Alen Simonyanın bir neçə gün əvvəl "Deutsche Welle"yə verdiyi müsahibədə səsləndirdiyi fikirlər diqqət çəkir. Düşünürəm ki, hörmətli həmkarlarımız da həmin müsahibə ilə tanışdırlar. Orada maraqlı məqamlardan biri bu idi ki, Simonyan etiraf edirdi ki, “bizim səhvimiz onda oldu ki, Ermənistan dövləti olaraq gələcəyimizi keçmişin narrativləri üzərində qurduq və nəticədə səhvlərə yol verdik”. O, həmçinin qeyd edirdi ki, Ermənistan cəmiyyəti bu gün “Real Ermənistan” ilə “amorf Ermənistan” arasında seçim etməlidir. “Amorf Ermənistan” ifadəsi də məhz ona məxsusdur — sərhədləri qeyri-müəyyən olan bir dövlət modeli nəzərdə tutulur. Hətta bu ifadəni müsahibəsində iki dəfə təkrarlamışdı.

Simonyan onu da deyirdi ki, əgər yenidən səhv etsələr, Ermənistanın quberniyaya çevrilməsi və hətta xəritədən silinməsi təhlükəsi yarana bilər. Bu da artıq Ermənistan hakimiyyətinin regionda yaranmış yeni siyasi reallıqları müəyyən qədər qəbul etdiyini göstərir. Mən hesab edirəm ki, onlar artıq müəyyən addımlar atmağa başlayıblar və bu proses regionda sülhə və sabitliyə xidmət edən yeganə rasional konsepsiya ola bilər.

Çünki Azərbaycan Prezidentinin formalaşdırdığı yeni siyasi reallıqların əsasını sülh təşəbbüsləri, sərhədlərin açılması, dinc yanaşı yaşama prinsipi və regionun resurslarından birgə istifadə imkanları təşkil edir. Bu gün Ermənistan üçün həmin imkanlardan yararlanmaq baxımından tarixi bir pəncərə açılıb".

Xədicə BAXIŞLI

Seçilən
16
1
redaktor.az

2Mənbələr