AZ

Marketlərdəki bu addım qanun pozuntusudur, yoxsa “ticarət oyunu” – MÜHÜM NÜANSLAR

Bəzi marketlərdə məhsulların qiymətinin 1 kiloqram deyil, 100, 250 və ya 500 qram üzrə göstərilməsi son vaxtlar alıcıların narazılığına səbəb olub. İstehlakçılar hesab edir ki, bu üsul məhsulu olduğundan daha ucuz göstərmək üçün istifadə edilir və real qiyməti müqayisə etməyi çətinləşdirir. Bəs bu praktika qanun pozuntusudur, yoxsa sadəcə marketlərin marketinq siyasəti?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məhsulun qiymətinin 100, 250 və ya 500 qram üzrə göstərilməsi avtomatik olaraq qanun pozuntusu hesab edilmir.

Liberal

Onun sözlərinə görə, marketlər bu üsuldan əsasən məhsulu vizual baxımdan daha ucuz göstərmək və alıcının diqqətini çəkmək məqsədilə istifadə edirlər:

“Xüsusilə bahalaşma dövründə bu cür təqdimat forması marketinq vasitəsi kimi daha geniş tətbiq olunur. Amma burada əsas məsələ istehlakçının çaşdırılıb-çaşdırılmamasıdır. Qiymət etiketində məhsulun hansı çəkiyə aid olduğu aydın şəkildə göstərilirsə və alıcı bunu rahat görə bilirsə, bu, reklam və təqdimat siyasəti sayılır. Lakin qiymətin aid olduğu ölçü xırda şriftlə yazılırsa, qarışıq formada təqdim edilirsə və ya alıcı məhsulun 1 kiloqram üzrə real qiymətini asan müqayisə edə bilmirsə, bu artıq istehlakçının məlumatlandırılması qaydalarının pozulması kimi qiymətləndirilə bilər”.

A.Nəsirli vurğulayıb ki, bir çox ölkələrdə marketlərdən həm məhsulun ümumi qiymətini, həm də 1 kiloqram və ya 1 litr üzrə vahid dəyərini göstərmək tələb olunur:

“Bu yanaşma şəffaflığı artırır və manipulyasiya riskini azaldır. Əsas meyar odur ki, alıcı yanlış yönləndirilməsin və məhsulun real dəyərini aydın şəkildə görə bilsin”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
60
1
konkret.az

2Mənbələr