"Bizi narahat edən əsas məqam ondan ibarətdir ki, bəzi xarici qüvvələr regionda sülh prosesinə mane olmağa çalışır. Nəzərə alsaq ki, Ermənistana həm silah dəstəyi, həm də iqtisadi yardım göstərilir, bu vəsaitlərin müəyyən hissəsi ölkənin hərbiləşdirilməsinə yönəlir. Yəni biz faktiki olaraq Ermənistan büdcəsinin müəyyən qədər subsidiyalaşdırılmış variantını müşahidə edirik".
Redaktor.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada deputat Fariz İsmayılzadə bildirdi.
"Bu cür proseslər isə Ermənistanda revanşist ideyaların və revanşist gözləntilərin güclənməsinə şərait yarada bilər. Nəticə etibarilə bu, sülh prosesini ləngidə, hətta ona mane ola bilər. Ümumilikdə bizi narahat edən də məhz budur ki, xaricdən göstərilən dəstək - istər siyasi bəyanatlar, istər hərbi yardım, istərsə də iqtisadi yardımlar - nəticə etibarilə revanşist qüvvələrin möhkəmlənməsinə gətirib çıxara və regionda sülh prosesinə zərər vura bilər", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI