AZ

Dünyanın ən yeni dövləti

Avstraliyadan təxminən 1500 kilometr məsafədə yerləşən tropik arxipelaq Bugenvil yaxın gələcəkdə dünyanın ən yeni dövləti ola bilər. Qızıl və mis ehtiyatları ilə zəngin olan bu region müstəqillik əldə etmək üçün son mərhələyə daxil olub.

“ABC News” xəbər verir ki, hazırda Papua Yeni Qvineya tərkibində muxtar bölgə statusuna malik olan Bugenvil uzun illərdir müstəqillik uğrunda mübarizə aparır. 2019-cu ildə keçirilən referendumda əhalinin böyük əksəriyyəti, təxminən 97 faizi müstəqilliyin lehinə səs verib. Bölgə rəhbərliyi gələn il rəsmi dövlət statusu əldə etməyi hədəfləyir. Lakin bu proses hələ də mərkəzi hökumətlə aparılan danışıqlardan asılıdır və tam razılaşma əldə olunmayıb. Bugenvilin zəngin təbii sərvətləri, xüsusilə qızıl və mis yataqları, onun iqtisadi potensialını artırır. Müstəqillik əldə olunarsa, bu resurslar yeni dövlətin əsas gəlir mənbələrindən biri olacaq. Bundan əlavə, regionun keçmişi ciddi problemlərlə yadda qalıb. 1980-90-cı illərdə baş vermiş qanlı münaqişələr minlərlə insanın həyatına son qoyub və hələ də cəmiyyətə təsirini saxlayır. Bu səbəbdən müstəqillik prosesində təhlükəsizlik və sabitlik məsələləri əsas narahatlıqlar sırasındadır. Bugenvilin müstəqilliyi reallaşarsa, bu, həm regionda siyasi balansı dəyişə, həm də digər muxtar ərazilər üçün nümunə yarada bilər.

Hazırda bütün diqqətlər Bugenvil və Papua Yeni Qvineya arasında aparılan danışıqlara yönəlib. Bu danışıqların nəticəsi dünyanın ən yeni dövlətinin yaranıb-yaranmayacağını müəyyən edəcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr