AZ

Neftin qiyməti ilin sonunadək 100 dollardan baha qala bilər

Qlobal bazarlarda neftin qiyməti bu ilin böyük hissəsində 100 dollar civarında qalacaq. Hətta strateji əhəmiyyətli Hörmüz boğazı gələn ay açılsa belə, tədarükün normal qaydaya düşməsi vaxt aparacaq.

“BBC” xəbər verir ki, Yaxın Şərqdəki gərginlik neft bazarına birbaşa təsir göstərib. “Brent” markalı neftin qiyməti 105 dolları ötüb.

Dünya neft və qaz daşımalarının beşdə birinin keçdiyi Hörmüz boğazı fevral ayından bəri faktiki olaraq bağlıdır. Boğaz açılsa belə, bazar dərhal sabitləşməyəcək. Əsas problemlər boğazın özündən daha çoxdur. Belə ki, tanker çatışmazlığı, neft emalı zavodlarının iş bərpasındakı ləngimələr və ümumi loqistik maneələr kimi faktorlar buna nümunədir. 

Qiymətlərin bahalaşması səbəbindən dünyanın ən böyük enerji şirkətləri rekord mənfəət əldə edirlər. Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilin ilk rübündə gəlirlərinin 25 faizdən çox artdığını açıqlayıb. Şirkət rəhbəri Amin Nasser bildirib ki, bazardakı bu təsirlər hətta boğaz açılsa belə, 2027-ci ilə qədər davam edə bilər.

OPEC-in son məlumatlarına görə, aprel ayında neft hasilatı gündə 830 min barel azalıb. Bazarda ümumilikdə bir milyard barelə yaxın görünməmiş tədarük itkisinin olduğu bildirilir. Bu kəsir və davam edən qeyri-müəyyənlik neft qiymətlərinin yüksək səviyyədə qalmasının əsas hərəkətverici qüvvəsidir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr