AZ

Rafael Fiziyev və Manuel Torres döyüşünün biletləri satışa çıxır

Dünyanın aparıcı qarışıq döyüş sənəti (MMA) təşkilatı olan UFC iyunun 27-də yenidən Bakıda turnir keçirəcək.

"Cebheinfo.az" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq "UFC Fight Night" gecəsinin əsas döyüşündə yüngül çəkidə 9-cu pillədə qərarlaşan Rafael Fiziyev reytinqdə 14-cü olan Manuel Torreslə üz-üzə gələcək.

Fiziyev - Torres qarşılaşmasının biletləri mayın 15-də saat 10:00-da "iTicket" vasitəsilə satışa çıxarılacaq. "Fight Club" üzvləri biletləri mayın 13-dən, öncədən qeydiyyatdan keçən şəxslər isə mayın 14-dən əldə edə biləcəklər.

Qeyd olunub ki, 2025-ci ildə Bakıda keçirilən ilk UFC tədbirinin uğurundan sonra təşkilat yenidən Azərbaycan paytaxtına qayıdaraq döyüş həvəskarlarına yüksək gərginlikli qarşılaşmalar təqdim edəcək. Turnirdə dünyanın müxtəlif ölkələrindən olan tanınmış idmançılar iştirak edəcəklər.

Gecənin ikinci əsas döyüşündə Şara Maqomedov orta çəkidə Mişel Pereyra ilə qarşılaşacaq. Hər iki idmançının baxımlı döyüş üslubu bu qarşılaşmaya marağı artırır.

Turnir çərçivəsində azərbaycanəsilli Nazim Sadıxov Mateus Kamilo ilə, UFC-də debüt edəcək Fərman Həsənov isə Erik Nolanla qarşılaşacaq.

Bundan başqa, İkram Aliskerov, Abus Maqomedov, İsmayıl Naurdiyev, Nursulton Ruziboyev, Bekzat Almaxan və digər tanınmış döyüşçülər də oktaqona çıxacaqlar.

Təşkilatçılar azarkeşlərə biletlərə erkən çıxış əldə etmək üçün öncədən qeydiyyatdan keçməyi və UFC-nin sosial media hesablarını izləməyi tövsiyə ediblər.

"Cebheinfo.az"

Seçilən
96
cebheinfo.az

1Mənbələr