AZ

“Xəzərin sahilində” intellektual çempionat

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 may, AZƏRTAC

Mayın 11-də QHT Agentliyinin xətti ilə Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində “Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi, "İsmayıllı İntellektual Oyunlar Klubu" və Odlar Yurdu Universitetinin birgə tərəfdaşlığı ilə Dənizkənarı Milli Parkda təşkil olunan çempionatın açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi Məleykə Tağızadə tədbirə uğurlar arzulayıb, gəncləri WUF13-də fəal iştiraka səsləyib.

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədri Azad Manaflı bildirib ki, layihənin məqsədi gənclər arasında intellektual oyunların inkişafını təşviq etmək, şəhərsalma və memarlıq sahəsində iştirakçıları maarifləndirməkdir.

5 mərhələdən ibarət olan çempionatda şəhərsalma tarixi, memarlıq nümunələri, Azərbaycanın mədəni irsi, eləcə də beynəlxalq təcrübə ilə bağlı suallar təqdim olunub.

Komandaların adları simvolik olaraq, Azərbaycanın 12 şəhərinin adını daşıyıb.

Yarış həm iştirakçılar, həm də şəhər sakinləri tərəfindən xüsusi maraqla qarşılanıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda “Quba” komandası birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Bakı” və “Naxçıvan” komandaları qazanıblar. Qalib komandalara hədiyyələr təqdim edilib.

Tədbir daha sonra musiqi proqramı ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
azertag.az

2Mənbələr