AZ

Hitlerə partiya qurdu, axırı əyyaşlıqla bitdi – “Zəif və şübhəli” Dreksler

Çoxları Adolf Hitlerin təkcə Almaniya Milli Sosialist Partiyasının (NSDAP) lideri deyil, həm də onun qurucusu olduğunu zənn edir. Lakin bu, tamamilə doğru deyil. NSDAP ictimai şüurda fürerin adı ilə möhkəm bağlı olsa da, əslində o, partiyanın qurucusu deyil, hətta ilk vaxtlarda o, bu partiyanın üzvü də olmayıb.

Partiyanın təməl daşını Anton Dreksler qoyub. O, 1884-cü ildə Münhendə dəmiryol işçisinin ailəsində dünyaya göz açıb. Drekslerin və ya valideynlərinin erkən həyatı haqqında Hitlerin həyatı qədər az şey məlumdur. O, ibtidai məktəbi bitirib, sonra bir neçə il fəhlələr üçün gecə məktəbində oxuyub. 1902-ci ildə, 19 yaşında mexanik, daha sonra, 1923-cü ilə qədər Münhen təmir emalatxanasında usta işləyib.

WhatsApp

Drekslerin gəliri qənaətbəxş olmayıb. O, aşağı maaşdan məyus idi, ona görə də dolanmaq üçün boş vaxtlarında restoranlarda musiqiçi kimi çalışaraq sitra çalırdı. Dreksler, I dünya müharibəsi zamanı Hitlerdən fərqli olaraq, orduda xidmət etməmişdi. Lakin o, özü ilk günlərdə könüllü olaraq cəbhəyə yazıldığını xatırlayırdı. Fiziki cəhətdən yararsız hesab edildiyi üçün hərbi xidmətə qəbul edilməmişdi.
Öz partiyasını qurmazdan əvvəl Dreksler iki siyasi cəmiyyətin üzvü olub: 1917-ci ilin sentyabrında qurulan və bir ildən bir qədər çox davam edən millətçi Alman Vətən Partiyası və müasir sui-qəsd nəzəriyyəçiləri arasında daim müzakirə mövzusu olan məşhur okkultizm Tule cəmiyyəti.

Çox güman ki, o, NSDAP-ın digər qurucusu, 1918-ci ildən bəri cəmiyyətə məxsus olan “Münhen Observer” qəzetində idman jurnalisti kimi çalışan Karl Harrer ilə məhz Tule cəmiyyətində tanış olub. Lakin Dreksler və həmkarları əvvəlcə 1918-ci ilin mart ayında “Yaxşı Sülh üçün Azad İşçi Komitəsi”ni təsis ediblər. Bu komitə, Harrerin təkidi ilə, sonradan adı dəyişdirilərək “Siyasi İşçi Dairəsi”nə çevrildi.

298525b5-965a-4f4a-85be-19cc4aaf9c0e.jpeg

Dreksler və Harrerin 1919-cu il yanvarın əvvəlində qurduğu partiya əvvəlcə Alman İşçi Partiyası olub. O, yalnız bir il sonra, 24 fevral 1920-ci ildə Milli Sosialist İşçi Partiyası adlanıb. Adolf Hitler partiyaya 1919-cu ilin sentyabrında qoşulub. O, partiya üzvü və iqtisadçı Qotfrid Federin borc köləliyinə son qoymaqla bağlı mühazirəsində iştirak edib. Lisey müəllimi Adalbert Baumann mühazirədə iştirak edir və Hitlerlə mübahisəyə girirdi. Baumann Bavariya separatizmini dəstəkləyir, Hitler isə onu tənqid edirdi. Gələcək fürerin natiqlik bacarığı Dreksleri heyran edir və o, ona “Mənim siyasi oyanışım: Alman sosialist fəhləsinin gündəliyindən” adlı broşürünü verir. Hitler öz növbəsində onun partiyaya qoşulmaq dəvətini qəbul edir.

Hitlerin yüksəlişi ilə əvvəllər 30-40 üzvü (və əsasən Drekslerin tanışları) olan partiya sürətlə populyarlıq qazanmağa başlayıb. Altı aydan az müddətdə “Münhen Hofbroyhaus” barında iki minə qədər insan toplaşıb. Artıq Adolf Hitler partiyada öz üzərinə getdikcə daha vacib rol götürüb.

52d7a32a-16eb-48db-8c27-2a3dfc4faf70.jpeg

Bu, Karl Harrerin xoşuna gəlməyib. Məsələ heç də partiyadaxili rəqabət məsələsi olmayıb. Harrer partiyanın gizli bir cəmiyyət olmasını istəyirdi. Lakin həm Dreksler, həm də Hitler kütlələrə çıxış axtarırdılar. Nəticədə, Harrer uduzub və 24 fevral 1920-ci ildə, partiyanın Milli Sosialist Partiyası adlandırıldığı gün təşkilatdan ayrılıb. Elə həmin gün Hitler, Dreksler və Federin manifesti dərc edilib və NSDAP-ın gələcək yolunu əvvəlcədən müəyyən edib.

NSDAP-ın ilk sədri olmasına baxmayaraq, Drekslerin partiyada təsiri tədricən azalıb. Nəticədə, Harrer kimi, o da Hitlerlə partiya rəhbərliyi uğrunda mübarizədə uduzub. Dreksler 29 iyul 1921-ci ildə sədr vəzifəsindən istefa verməyə məcbur olub və yerini Hitlerə buraxıb. Çünki rəhbərlik Hitlerin getməsi halında partiyanın uzun müddət yaşaya bilməyəcəyini anlayıb.

64bdd0d3-2217-4244-baab-684631864e3c.jpeg

Ancaq Dreksler ilk vaxtlarda NSDAP-ı tərk etməyib: ona simvolik olaraq "fəxri sədr" vəzifəsi verilib. 1923-cü ildə Dreksler partiyanı tərk etsə də, siyasi fəaliyyətindən əl çəkməyib. “Xalq bloku”nun üzvü kimi, o, 1924-cü ildən 1928-ci ilə qədər Bavariya parlamentinin üzvü olub.

1933-cü ildə nasistlər hakimiyyətə gələndə Dreksler partiyaya qayıtmaq qərarına gəlir. Onun müraciəti qəbul edilir və müxtəlif tədbirlərə dəvət olunur. Lakin o, artıq siyasətdə heç bir əhəmiyyətli rol oynamırdı. Hitler “Mayn Kampf” əsərində onu “əsgər ruhlu olmayan”, “kifayət qədər həyat məktəbindən keçməmiş” və buna görə də zəif və şübhəli bir insan olaraq təsvir edib. Ömrünün son beş ilində Dreksler depressiyaya düşübvə spirtli içkilərə qurşanıb. Bəlkə də o, siyasi karyerasının tənəzzülündən və qurduğu partiya daxilində heç bir gücə sahib olmamasından, ya da partiyadaşının Avropanı qana çalxamasından, xalqlara böyük faciələr yaşatmasından məyus olub.

Dreksler 24 fevral 1942-ci ildə Münhendə vəfat edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

Seçilən
44
musavat.com

1Mənbələr