Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2% çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9% azalaraq 12 milyard 135 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,7% artaraq 27 milyad 740,1 milyon manata çatıb.
ÜDM artımının 0,2% olması və neft-qaz sektorunda azalmanın davam etməsi hansı risklərdən xəbər verir?
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qeyri-neft sahələri neft sektorundakı zəifləməni tam kompensasiya edə bilmir: “ÜDM artımının cəmi 0,2% olması iqtisadiyyatda zəif dinamikanın formalaşdığını göstərir. Xüsusilə neft-qaz sektorunda azalmanın davam etməsi Azərbaycanın hələ də enerji gəlirlərindən ciddi asılı olduğunu ortaya qoyur. Neft qiymətlərində və hasilatda baş verən dəyişikliklər ümumi iqtisadi artıma birbaşa təsir edir. Bu isə büdcə gəlirlərinin azalması, valyuta daxilolmalarının zəifləməsi və dövlət xərclərinin maliyyələşdirilməsində risklərin yaranması deməkdir.
Qeyri-neft sektorunda artımın cəmi 0,7% olması da iqtisadi diversifikasiyanın hələ istənilən səviyyəyə çatmadığını göstərir. Yəni qeyri-neft sahələri neft sektorundakı zəifləməni tam kompensasiya edə bilmir. Bu vəziyyət uzunmüddətli dövrdə məşğulluq, investisiya axını və əhalinin gəlirlərinin artımı baxımından problemlər yarada bilər”.
Akif Nəsirli həmçinin qeyd edib: “Başqa risk inflyasiya və alıcılıq qabiliyyəti ilə bağlıdır. İqtisadi artım zəif olduqda biznes aktivliyi aşağı düşür, yeni iş yerlərinin yaradılması ləngiyir və əhalinin gəlirlərində artım məhdud qalır. Xarici bazarlarda enerji qiymətlərinin enməsi və qlobal iqtisadi qeyri-müəyyənliklər də Azərbaycan iqtisadiyyatına əlavə təzyiq yarada bilər.
Bütün bunlar göstərir ki, iqtisadiyyatın dayanıqlılığı üçün qeyri-neft sektorunun daha sürətli inkişafı, sənaye, kənd təsərrüfatı, texnologiya və ixrac yönümlü sahələrə investisiyaların artırılması vacibdir”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.