AZ

Nazir: Səhiyyə Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında birgə təşəbbüslər əhəmiyyətlidir

Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) Sektorlar Departamenti 3-ün (SD3) Baş direktoru Kristin Enqstromun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə,

Teymur Musayev bildirib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin dayanıqlı inkişafı, tibb infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib. Nazir qeyd edib ki, son illərdə ölkədə tibb müəssisələrinin müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb.

Teymur Musayev, həmçinin vurğulayıb ki, AİB ilə əməkdaşlıq səhiyyə sektorunda həyata keçirilən islahatların daha effektiv icrasına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verir. O, gələcəkdə innovativ layihələrin, xüsusilə regional səhiyyə infrastrukturunun inkişafı və tibbi kadr potensialının gücləndirilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Öz növbəsində, Kristin Enqstrom Azərbaycan hökumətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və AİB-in bu proseslərə dəstək verməyə hazır olduğunu vurğulayıb. O, insan kapitalının inkişafı və sosial sektor layihələri baxımından Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini qeyd edərək, xüsusilə ana və uşaq sağlamlığı, tibbi kadrların hazırlanması və innovativ tibbi texnologiyaların tətbiqi sahəsində yeni birgə təşəbbüslərə maraq göstərib.

Seçilən
0
5
azerbaijan-news.az

8Mənbələr