AZ

Sosial xidmət, yoxsa kabinet imperiyası? – Agentliyin strukturu suallar doğurur

Azərbaycanda sosial müdafiə və həssas əhali qruplarına xidmət göstərən əsas qurumlardan biri olan Sosial Xidmətlər Agentliyi son illərdə struktur baxımından sürətlə böyüyən dövlət qurumlarından birinə çevrilib. Agentliyin strukturu son olaraq, qurumun İdarə Heyətinin sədri Vüqar Behbudovun iki yeni filial yaratmasında sonra gündəmə gəlib.

Editor.az xəbər verir ki, Agentliyin idarəetmə sxeminə nəzər saldıqda isə ortaya ciddi suallar çıxır: İdarə Heyətinin sədri Vüqar Behbudovun 3 müavini, 4 müşaviri, 1 köməkçisi var. Bundan başqa Agentlikdə 16 departament və əlavə olaraq regional filiallar var. Agentliyin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstərən çoxsaylı strukturlardan biri olduğunu nəzərə aldıqda, bu qədər geniş bürokratik aparatın mövcudluğu ciddi müzakirələrə yol açır.

Sosial xidmət sahəsi birbaşa vətəndaşla işləyən, operativ qərar və çevik mexanizm tələb edən sistemdir. Belə bir qurumda idarəetmə pillələrinin həddindən artıq çox olması isə əksinə, proseslərin ağırlaşmasına səbəb ola bilər. Çünki dünya təcrübəsində sosial xidmət agentlikləri daha çox sahə yönümlü, mobil və sadələşdirilmiş modellərlə idarə olunur. Azərbaycanda isə struktur getdikcə klassik məmur aparatına bənzəyir.

Ən diqqət çəkən məqam isə departamentlərin sayıdır. 16 departament faktiki olaraq ayrıca daxili bölgü deməkdir. Bu qədər struktur vahidinin saxlanılması həm əlavə büdcə yükü yaradır, həm də qərarvermə prosesini uzadır. Hər departament rəhbəri, müavinlər, sektor müdirləri və digər inzibati heyət nəzərə alınanda ortaya böyük bir idarəçilik piramidası çıxır.

Agentliyin fəaliyyəti ilə bağlı mediada yayılan bəzi məlumatlar isə bu geniş idarəetmə aparatının fonunda ictimai narazılığı daha da artırır. Xüsusilə qurumun rəhbəri Vüqar Behbudov ilə bağlı mətbuatda yer alan iddialar cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. Həmin məlumatlarda Vüqar Behbudovun agentliyin ofis icarəsi üçün bacısı Sevinc İsgəndərova ilə müqavilə bağladığı və bunun müqabilində 262 min 300 manat vəsait ödənildiyi bildirilirdi. Dövlət qurumlarında belə halların müzakirə mövzusu olması özü-özlüyündə şəffaflıq, etik idarəçilik və maraqlar toqquşması ilə bağlı ciddi suallar doğurur.

Müşahidələr göstərir ki, vətəndaşların gündəlik qarşılaşdığı problemlər, sosial xidmətlərə çıxışla bağlı narazılıqlar və idarəetmə ilə bağlı mübahisələr fonunda bu qədər geniş aparatın effektivliyi daha çox müzakirə olunur. Cəmiyyət isə dövlət qurumlarından ilk növbədə daha çevik idarəetmə, şəffaf fəaliyyət və vətəndaş yönümlü xidmət gözləyir.

\\Editor.az

Seçilən
15
editor.az

1Mənbələr