Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün yeni perspektivli istiqamətlər mövcuddur.
"Far.Az"un sualına cavab olaraq bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld azərbaycanlı jurnalistlərlə vida görüşündə bildirib.
"2025-ci ilin dekabrında Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker Azərbaycana səfər edib. O, müdafiə naziri, müdafiə qurumlarının bir sıra yüksək vəzifəli nümayəndələri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlər keçirib.
Daha sonra, 2026-cı ilin əvvəlində Azərbaycan nümayəndə heyəti Londona səfər edib. Səfər çərçivəsində müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov qəbul olunub. Müzakirələrin bir hissəsi hərbi sahədə və müdafiə sənayesi kompleksində əməkdaşlığın inkişafına həsr olunub", - Auld deyib.
Səfir həmçinin xatırladıb ki, bir neçə ay əvvəl Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya Müdafiə Nazirliyi 2026/27-ci illəri əhatə edən ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu sənəd daha dərin strateji tərəfdaşlığa keçidi təsdiqləyir.
"Biz həm də görürük ki, müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirə biləcəyimiz yeni perspektivli istiqamətlər mövcuddur," - Auld əlavə edib.