ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
“Post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa layihələri, eləcə də bu istiqamətdə formalaşan praktik təcrübə artıq beynəlxalq platformalarda təqdim olunan mühüm nümunələrdən birinə çevrilib”.
Bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masadakı çıxışı zamanı səsləndirib. Deputat bildirib ki, Azərbaycan işğaldan azad olunmuş və uzun illər ərzində tamamilə dağıdılmış ərazilərin yenidən qurulması baxımından artıq dünyada ən ciddi təcrübəyə malik ölkələrdən biri kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, on minlərlə insanın öz doğma torpaqlarına qaytarılması, iri infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən inşası, “ağıllı şəhər” və “ağıllı kənd” modellərinin tətbiqi, yaşıllıq zonalarının yaradılması və sosial həyatın bərpası bu siyasətin real nəticələri kimi diqqət çəkir.
Deputat qeyd edib ki, hər il Qarabağ və Şərqi Zəngəzurun bərpasına milyardlarla manat vəsait ayrılması Azərbaycanın həmin ərazilərə strateji və milli məsuliyyət yanaşmasının göstəricisidir. “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız siyasi bəyanatlardan ibarət deyil, eyni zamanda konkret və praktik addımlarla müşayiət olunur. Məcburi köçkünlərin öz torpaqlarına qayıdışı, yeni yaşayış məntəqələrinin qurulması, iqtisadi və sosial imkanların yaradılması sülh siyasətinin real təzahürüdür”, – deyə deputat vurğulayıb.
Fariz İsmayılzadə regionda baş verən siyasi proseslərə də toxunaraq bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursunun müəyyənləşməsi baxımından mühüm mərhələ hesab olunur.
Onun fikrincə, həmin seçkilərdən sonra ya sülh gündəliyi daha da güclənəcək, ya da revanşist qüvvələr yenidən fəallaşmağa çalışacaq. Deputat qeyd edib ki, hazırda Ermənistanda müxtəlif siyasi qruplar arasında ciddi qarşıdurma mövcuddur və bu mübarizə əsasən “yeni Ermənistan” konsepsiyası ətrafında gedir.
Deputatın sözlərinə görə, radikal müxalifət, diaspor təşkilatları, bəzi oliqarx dairələri və Ermənistan kilsəsi sülh prosesinə təsir göstərməyə çalışır. Xarici güclərin regionda nüfuz uğrunda apardığı rəqabət isə onsuz da həssas olan geosiyasi mühiti daha da mürəkkəbləşdirir. O bildirib ki, Cənubi Qafqaz hazırda həm nəqliyyat-logistika marşrutları, həm enerji layihələri, həm də geosiyasi baxımdan strateji əhəmiyyətini artırır və Zəngəzur dəhlizi də daxil olmaqla yeni regional layihələr gələcək inkişaf prosesində mühüm rol oynayacaq.
Fariz İsmayılzadə vurğulayıb ki, Azərbaycan bütün bu proseslərdə etibarlı tərəfdaş kimi çıxış edir və regionda sabitlik, əməkdaşlıq və inkişaf təşəbbüslərinin əsas iştirakçılarından biridir. Ölkənin milli maraqlara söykənən müstəqil xarici siyasəti və regional layihələrdə fəal iştirakı bu mövqeni daha da gücləndirir. Deputat həmçinin qeyd edib ki, Ermənistanda keçiriləcək seçkilərdən istifadə etməyə çalışan müəyyən daxili və xarici dairələr Cənubi Qafqazda sabitliyi pozmaq və bölgədə təsir imkanlarını genişləndirmək niyyətindədirlər. Lakin onun fikrincə, Azərbaycan bu cür təhdidlərdən çəkinmir və istənilən geosiyasi vəziyyətdə öz milli maraqlarını qorumağa qadir güclü dövlətdir.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.