AZ

Çin Trampın Pekinə səfəri öncəsi Vaşinqtona “dörd qırmızı xətt”ini açıqlayıb

Pekin ABŞ ilə münasibətlərdə Tayvan, insan haqları, siyasi sistem və inkişaf hüququ məsələlərinin müzakirə mövzusu olmadığını bəyan edib...

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının ABŞ-dakı səfirliyi Vaşinqton üçün Pekinin “toxunulmaz” hesab etdiyi əsas mövzuların siyahısını yayıb. Pekinin açıqladığı siyahıda dörd əsas məsələ yer alıb və Çin tərəfi bu mövzuların ABŞ ilə danışıqlarda mübahisə predmetinə çevrilməsini qəbul etmədiyini bildirib.

Siyahıda ilk olaraq “Tayvan məsələsi” qeyd olunub. Bunun ardınca “demokratiya və insan hüquqları”, “Çinin inkişaf yolu və siyasi sistemi”, eləcə də “Çinin inkişaf hüququ” yer alıb. Pekin bununla Vaşinqtona Çin dövlətinin suverenlik və daxili idarəetmə məsələlərində güzəştə getməyəcəyinə dair açıq mesaj verib.

Məlumata görə, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun Pekində keçirdiyi brifinq zamanı Tayvan məsələsinin Çin–ABŞ münasibətlərində ən həssas və strateji mövzulardan biri olduğunu vurğulayıb. O bildirib ki, ABŞ-ın Tayvana silah satışına qarşı Çinin mövqeyi dəyişməz olaraq qalır.

Çin rəsmisinin sözlərinə görə, Vaşinqtonun Tayvanla hərbi əməkdaşlığı Pekin tərəfindən ölkənin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Çin tərəfi ABŞ-ı “vahid Çin” prinsipinə əməl etməyə və Tayvanla bağlı addımlarında ehtiyatlı davranmağa çağırıb.

Bu açıqlamalar ABŞ Prezidenti Donald Trumpın Pekinə dövlət səfəri fonunda səsləndirilib. Səfər 13–15 may tarixlərini əhatə edir və tərəflər arasında son illərdə gərginləşən münasibətlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Çin Xalq Respublikasının sədri Xi Jinping ilə Donald Tramp arasında keçiriləcək görüşlərdə Çin–ABŞ münasibətlərinin gələcək istiqamətləri, iqtisadi və təhlükəsizlik məsələləri, həmçinin qlobal sülh və inkişafla bağlı mövzular geniş şəkildə müzakirə olunacaq.

Analitiklər hesab edirlər ki, Pekinin “qırmızı xətlər” siyahısını məhz Trampın səfəri öncəsində açıqlaması Çin rəhbərliyinin danışıqlara sərt və prinsipial mövqedən yanaşacağını göstərir. Xüsusilə Tayvan ətrafında artan hərbi-siyasi gərginlik fonunda bu mövzu iki ölkə arasında əsas qarşıdurma nöqtəsi olaraq qalır.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr