AZ

Rejim əsl sifətini ortaya qoyub- Tural İrfan yazır

İran hakimiyyətinin xilası yalnız ideologiyasında və dövlət üsul-idarəsində dəyişikliklər etməkdədir. Orta əsr metodları ilə idarəetmə sistemi müasir tələblərə və müasir dünyaya uyğun deyil. Sirkə nə qədər sərt olsa sonda öz qabını çatladar. Əslində ABŞ və İsrailin əlinə dəstəvuz verən də məhz İranın mövcud siyasi sistemidir. Yalnız təhdid ritorikası, inqilabın ixracı, məzhəbçi və radikal ideologiya, azadlıqların kobud şəkildə pozulması, xalqın qorxu altında saxlanılması və ən əsası isə İslam dünyasına qarşı təcavüzkar münasibət İran rejimini süquta yuvarlayan əsas faktorlardır. Bu gün Azərbaycanda həbs olunan narkotik alverçilərinin böyük əksəriyyətinin narkotiki İran vətəndaşından aldığı sübut olunur. Digər müsəlman ölkələrində də belədir. Narkotik ticarəti və bu yolla rəqib hesab etdiklərinə qarşı mübarizə İran rejiminin dövlət siyasətinin tərkibidir. Çünki mövcud ideoloji sistemin kökləri məşhur Həşşaşi terror təşkilatının metodlarına dayanır. Təkcə silah və güllə ilə deyil, əsasən narkotik, ideologiya və digər zəhərləmə metodları rejimin əsas üsullarındandır.
ABŞ və İsrailin təcavüzü zamanı müsəlman dövlətlərin bəzilərinə yalvarış mesajları, bəzilərinə təhdid, bəzilərinə qarşı da şantaj üsulu siyasət deyil. Siyasət olsa belə əsla dinlə, İslamla əlaqəsi yoxdur.
Məsud Pezeşkiyanın bütün bu son hadisələrdən əvvəlki çıxışı əslində hakimiyyətin özünə mesaj idi. Lakin onu diqqətə almadılar və kütləvi iğtişaşlar başladı, sonda da məlum müharibə baş verdi. O, xalqa müraciətində demişdi ki, hazırki sistemin mahiyyəti mənim sizə verdiyim vədləri yerinə yetirməyə imkan vermir. Yəni, qalxıb devirin, dəyişikliklər tələb edin...
Çünki Prezident Pezeşkiyan da anlayır ki, indiki sistemdə heç bir nailiyyət əldə edə bilməyəcək. Əksinə sistemin alətinə çevriləcək.
Formal yox, köklü dəyişikliklər, islahatlar aparılmalıdır. Qonşu ölkələrə, xüsusən müsəlman ölkələrinə qarşı İranın düşmən siyasəti dəyişməyə məhkumdur. Riyakarlıq, təqiyyə, ikili standartlar, narkotik və terror bu rejimin ayaqda çox qalmasını əsla təmin etməyəcək. Əgər bu dəyişikliklər baş versə ABŞ və İsraillə mövcud gərginliyin aradan qalxması mümkündür.
Misirdə qurulmuş Fatimilər dövləti də İran rejimi kimi özlərini Peyğəmbər soyuna bağlayıb məzhəbçi və radikal rejim qurmuşdular. Həşşaşilər, Qərmətilər də onların proksi qüvvələri idilər. Eynən indiki İran rejimi kimi Qüdslə bağlı siyasətlərində anti-İslam mövqe tutmuşdular. Dövləti əsasən erməni əsilli vəzirlər idarə edirdi. Qüdsü Səlcuqlulardan alıb səlibçilərə bir növ təhvil vermişdilər. Bu günkü İran eynilə sələfləri olaraq Fatimiləri, Həşşaşiləri, Qərmətiləri, Səfəviləri özlərinə ideoloji nümunə götürür. Lakin Fatimilər içəridən çürüdülər və sonda Səlahəddin Əyyubi tərəfindən tamamilə devrilib sıradan çıxarılıldılar. Səlahəddin Əyyubi isə bütün gücləri birləşdirib Fatimilərin erməni vəzirlərinin satdıqları Qüdsü səlibçilərdən geri aldı. İndi İranda da bir Səlahəddin ortaya çıxa bilər, həm dövləti yenidən qurar həm də dünya ilə normal, sivil, mədəni münasibətləri bərpa edər...
İran rejiminin terror və narkotik kimi üsullarla idarə və ifadə edilməsi dünyada birmənalı qəbul edilə bilməz. Müqəddəs dəyərlərə inanan xalqları köləyə çevirib öz ideyalarını yaymaq üçün aldadıb illərlə istismar etmələri əslində İslam aləmi üçün də təhdid yaradır.
Rejim bu gün dini, taokratik sifətini ifşa edib, əsl terrorçu xislətini ortaya qoyub. Müqəddəs, ali dəyərləri Sasani irsinin ayaqda qalması naminə alətə, nərdivana çevirmək dünya müsəlmanları tərəfindən qəbul olunmayacaq və İran rejimi zamanla tarix qarşısında məsuliyyət daşıyacaq. Təkfirçilik siyasəti ilə özündən olmayan müsəlmanlara qarşı gizli və açıq yollarla təhdid yaratmaq, müsəlman ölkələrinə külli miqdarda narkotik ixrac etmək bütün dini dəyərləri ayaq altına atmaq deməkdir. Təqiyyə prinsiplərinə və ənənəvi fars riyakarlığına uyğun etdikləri cinayətkar əməlləri etiraf etməsələr belə bütün dünya, beynəlxalq təşkilatlar da qəbul edir ki, İran dünyaya terror, narkotik və zülüm yayır.
Tural İrfan, dinşünas
Seçilən
27
news365.az

1Mənbələr