AZ

Trampın kosmosda yerləşdirəcəsi “Qızıl Qübbə”-nin dəyəri 1,2 trilyon dollara yüksəldi

BAKI,TurkicWorld Orxan Qədirzadə

ABŞ Konqresinin Büdcə Ofisi prezident Donald Trampın təşviq etdiyi “Qızıl Qübbə” raketdən müdafiə sisteminin dəyərinin növbəti 20 il ərzində təxminən 1,2 trilyon dollara çata biləcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, layihənin yalnız satınalma xərcləri 1 trilyon dolları ötəcək. Buraya çoxqatlı raketdən müdafiə sistemləri, erkən xəbərdarlıq mexanizmləri və kosmos əsaslı raket izləmə imkanları daxildir.

Hesabata görə, layihənin ən bahalı hissəsini kosmosda yerləşdiriləcək raketə qarşı müdafiə sistemi təşkil edir. Bu istiqamət ümumi satınalma xərclərinin təxminən 70 faizini, layihənin ümumi dəyərinin isə 60 faizini əhatə edir.

Konqresin Büdcə Ofisi əlavə edib ki, sistemin istismar və texniki dəstək xərcləri orta hesabla ildə 8,3 milyard dollar olacaq. Bununla yanaşı, layihənin texniki detalları və yerləşdirilməsi planlaşdırılan sistemlərin sayı hələ tam müəyyən edilmədiyi üçün yekun uzunmüddətli xərclərin hesablanmasının olduqca mürəkkəb olduğu vurğulanıb.

Donald Tramp 2025-ci ilin yanvarında ABŞ Müharibə Nazirliyinə “Amerika üçün Dəmir Qübbə” adlı yeni raketdən müdafiə sistemi hazırlanması barədə göstəriş vermişdi. Daha sonra layihə “Qızıl Qübbə” adı ilə yenidən təqdim olunmuşdu.

2025-ci ilin may ayında Tramp layihə üçün ilkin mərhələdə 25 milyard dollar ayrıldığını və ümumi dəyərin 175 milyard dollar civarında olacağını açıqlamışdı. Lakin yeni hesablamalar layihənin əvvəl gözləniləndən xeyli baha başa gələcəyini göstərir.

Məlumata görə, “Qızıl Qübbə” sistemi yalnız qitələrarası ballistik raketlərə qarşı deyil, həm də hipersəs raketləri və qanadlı raketlər daxil olmaqla müxtəlif müasir hava təhdidlərinə qarşı müdafiə məqsədi daşıyır.

ABŞ mətbuatında yayılan təhlillərdə layihənin texniki və maliyyə baxımından ciddi risklərlə üzləşdiyi qeyd olunur. Ekspertlər hesab edirlər ki, kosmos əsaslı müdafiə sistemlərinin yaradılması həm yüksək xərc, həm də mürəkkəb texnoloji çətinliklər səbəbindən layihənin reallaşdırılmasını çətinləşdirə bilər.

Layihənin konsepsiyası qismən İsrailin çoxqatlı hava hücumundan müdafiə modelinə əsaslansa da, ABŞ layihəsinin miqyası və texnoloji tələblərinin daha geniş olduğu bildirilir.

Seçilən
11
turkic.world

1Mənbələr