Prezident İlham Əliyevin Ermənistana növbəti sülh çağırışı
Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə Ermənistana, daha doğrusu, bütövlükdə erməni xalqına son dərəcə vacib mesaj ünvanladı. Hesab edirik ki, bu mesaj gələn ay parlament seçkilərində səs verəcək hay elektoratı üçün müstəsna əhəmiyyət daşıyır. Dövlətimizin başçısının konkret nəyi bildirdiyinə və onun bəyanatından irəli gələn nəticələrə nəzər salacağıq. Hələlik isə...
Prezident İlham Əliyev çıxışının Ermənistanla əlaqəli hissəsində vurğunu sülhün üzərinə qoydu və barış mühitinin müəllifinin məhz ölkəmiz olduğunu önə çəkdi. Yada salaq ki, Azərbaycan dövləti istər 2020-ci ilin 44 günlük müharibəsindən, istərsə də 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistana və erməni xalqına barış əlini uzatdı. Bu, dünyada analoqu olmayan nümunədir. Nəzərə alaq ki, beynəlxalq aləmdə güclülərin sülh təklifi hallarına az rast gəlinir. Tarixdə də bunun örnəkləri çox deyil.
Azərbaycan müharibə apardığı qonşusundan dəfələrlə güclü idi. Ölkəmiz təkcə Ermənistanı yox, onun havadarlarını da zərərsizləşdirdi, ikincilərin hay təəssübkeşliyindən qaynaqlanmış hərəkət və davranışlarını pozdu. “Əmması” isə budur: Ermənistanın havadarları, Prezident İlham Əliyevin təbirincə desək, “özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi. Hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə”.
Əlbəttə, Ermənistanın hazırkı iqtidarının Azərbaycanla sülh gündəliyi aydındır. Baş nazir Nikol Paşinyan ötən həftə rəsmi startı verilən seçki kampaniyasının ilk günündən barış şüarları səsləndirir və elektoratı dincliyə və əmin-amanlığa dəstək göstərməyə səsləyir. Ümumən, Paşinyanın hakim komandasının seçki kampaniyasını sülh amili üzərində qurduğu, Azərbaycanla ziddiyyət tərəfdarlarına ideoloji cəbhə açdığı gün kimi aydındır. Amma Ermənistandakı revanşist və şovinist kəsimin cəmiyyətə, sadə ermənilərə təsir imkanları aktuallığını qoruyur. Məhz buna görə Prezident İlham Əliyevin indi diqqətə çatdıracağımız mesajının əhəmiyyəti çox böyükdür: “Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
Bəli, erməni iqtidarı vətəndaşların iyunun 7-də keçiriləcək parlament seçkilərində barışla savaşın, sülhlə müharibənin arasında seçim edəcəyini vurğulayır. Mövcud məqamı Paşinyan, hətta, seçkidən əvvəl də dilə gətirmiş və fikrini yetərincə əsaslandırmışdı. Hərçənd, nəyisə izah etməyə ehtiyac yoxdur. Necə deyərlər, görünən kəndə nə bələdçi?
Paşinyan hakimiyyətinə müxalif revanşist və şovinist kəsim hazırkı sülh şərtlərinin ədalətsizliyi ritorikasını qabardır, həmçinin erməni cəmiyyətini rüsvayçı kimi təqdim etdiyi şərtlərlə barışmamağa çağırır. Əks düşərgənin təmsilçiləri hətta hakimiyyətə gələcəkləri təqdirdə görəcəkləri ilk işin davam etməkdə olan barış prosesini pozmaq olduğunu deyirlər. Erməni xalqı isə məşəqqətlərdən, əzab-əziyyətdən, ümumən, müharibə dəhşətlərindən bezib. Hesab edirik ki, Prezident İlham Əliyevin bir qədər əvvəl diqqətə çatdırdığımız fikri sadə ermənilərdə motivasiya formalaşdırmalı, onlar sülhə meydan oxuyanları ölkənin siyasi səhnəsindən birdəfəlik silməlidirlər.
Güclü, sülh tərəfdarı olan Azərbaycan erməni xalqının barışa doğru şüurlu şəkildə addımlamasının tərəfdarıdır. Əlbəttə, hər bir erməni sakininin qohumunun, doğmasının və ya özünün yaşanmış iki müharibədə zərər gördüyünü deyə bilərik. Yəni yaralar hələ qaysaq bağlamayıb. Elə Azərbaycan cəmiyyəti də ermənilərlə qol-boyun olmağa həvəsli deyil. Amma nədənsə və necəsə başlamaq lazımdır. Əbədi düşmənçilik heç bir xalqa xeyir gətirməyib.
Eyni zamanda, nəzərə alınmalıdır ki, savaşı, ixtilafı başladan Azərbaycan olmamışdı. Bunu Baş nazir Paşinyan bir neçə gün əvvəl Sünikdə seçicilər qarşısındakı çıxışında vurğuladı. O, Qarabağ hərəkatının səmərə vermədiyini, əksinə, xalqı zülmə və zillətə sürükləyən avantüra mahiyyəti daşıdığını açıqladı. “1988-ci ildə Qarabağı Ermənistana birləşdirmək hərəkatına başlamaq qərarı səhv olub. Bu hərəkatla bağlı amillər Ermənistan dövlətinin inkişafını ləngitmək üçün istifadə edilib. Etiraf etməliyik ki, Qarabağ hərəkatı bizim üçün böyük səhv idi”, - deyən hökumət rəhbəri ərazilərin itirilməsi ilə bağlı hay müxalifətinin iddialarını da cavablandırıb: “Ermənistan torpaqları heç vaxt itirməyib. Çünki torpaqlar heç vaxt Ermənistana məxsus olmayıb. Biz həmişə özümüzü ağıllı xalq adlandırırıq. Amma 80-ci illərin sonlarında avantüristlərə necə inandıq? Bizdən 3 dəfə böyük olan və hər zaman bizə yaxşı münasibət göstərən qonşu ölkənin durub öz torpağını bizə verəcəyinə necə əmin ola bilərdik? Bu 38 ildə nəyə nail olduq? Biz bir qarış belə torpaq əldə etmədik. Əvəzində isə mənasız yerə bu qədər insanın həyatını itirdik. Üstəlik, iqtisadiyyatı da dağıtdıq”.
Bəli, hazırda Ermənistanda hakim komandaya zidd mövqe tutanlar cəfəngiyyatı ölkə üçün prioritet sayanlardır. Onların kimin, yaxud kimlərin əli ilə hərəkətə keçdiklərini söyləmək üçün çox düşünməyə gərək yoxdur. Məlumdur ki, parlament seçkiləri yaxınlaşdıqca, Ermənistana, obrazlı desək, Şimaldan soyuq hava axını daha güclü daxil olmağa çalışacaq.
Əlqərəz, erməni xalqı iyunun 7-də ölkəyə Şimal küləklərinin əsdiyi bütün dəlmə-deşikləri möhkəm tutmalıdır. Möhkəm tutmalıdır ki, sülh “soyuqlamasın”, siyasi xəstələr onu özlərinin əcayib mərəzləri ilə yoluxdurmasınlar. Güclü, barış tərəfdarı olan Azərbaycanın istəyi məhz budur. Elə Prezident İlham Əliyev də Zəngilan sakinləri ilə görüşündə mövcud məqamı vurğuladı, azərbaycanlıları düşmən obrazında görməyin anlamsızlığını diqqətə çatdırdı. Ən başlıcası isə dövlətimizin başçısı erməni elektoratını azərbaycanlıları düşmən obrazında təqdim edənlərin sərsəm təbliğatlarına uymamağa, düşünməyə çağırdı: “Onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək, su verək. Bax, fərq budur. Mən indi daha dərinə getmək istəmirəm, hər bir xalqda yaxşı və pis nümayəndələr var. Amma bütövlükdə götürəndə budur fərq. Zəngilanı yerlə-yeksan edən təkcə Ermənistan rəhbərləri deyildi, təkcə Qarabağ separatçıları deyildi. Demək olar ki, onların bütün əhalisi kütləvi surətdə gəlib talançılıqla məşğul idi. Hətta deyirdilər ki, gedirik talana. Yəni bu, onlarda bir qayda, normal davranış idi. Yəni vəhşilik normal bir davranış idi - kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü sökdü. Sonra aparıb həm İran, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz belə”.
Sonda vurğuladığımız məqama söykənərək, Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüş zamanı Ermənistanı və erməni xalqını sivil, mərd Azərbaycan xalqı və toplumu ilə sülh və əmin-amanlıq şəraitində ömür sürməyə səslədiyini deyə bilərik. Hesab edirik ki, dövlətimizin başçısının söylədiklərinin hay elektoratına təsiri böyükdür. Fikrimizin əlavə sübuta ehtiyacı yoxdur. Sübut son 8 ildə baş verənlər və yaşananlardır. Ermənistan vətəndaşları məhz yaxın keçmişi düşünüb gələcəyə baxmalı, sülhə yeni nəfəs gətirmək yolunda qətiyyətli davranmalıdırlar. Əslində, başqa yaşam və mövcudiyyət yolu yoxdur. Reallığın şüurlu şəkildə dərki nəinki vacib, hətta həyati əhəmiyyətli, tale-yüklüdür.
Ə.CAHANGİROĞLU
XQ