AZ

İbtidai sinif müəllimləri intellektual yarışda iştirak etdilər - FOTO

İbtidai sinif müəllimlərindən ibarət komandalar İntellektual yarışda öz məktəblərini təmsil etdilər

Azərbaycan təhsil sistemində yeni bir layihəyə start verilib. Karyera və Psixologiya Mərkəzi ilə Sumqayıt Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Sumqayıt üzrə məktəblərarası “Nə? Harada? Nə zaman?” formatlı İntellektual yarış keçirilib. 

Layihənin maraqlı tərəfi odur ki, yarışda məktəbləri yalnız ibtidai sinif müəllimlərindən ibarət komandalar təmsil edir. Burada məqsəd təhsilin bünövrəsini qoyan, zəhmətkeş, fədakar ibtidai sinif müəllimlərinin nüfuzunu yüksəltmək, onlara qarşı diqqəti artırmaq və bu müəllimlərin öz üzərlərində daha da həvəslə çalışmalarını stimullaşdırmaqdır.

İntellektual yarışın formatı da elə seçilib ki, burada bilik və ya ixtisas sualları deyil, ümumi dünyagörüşü, məntiqi təfəkkürlə bağlı həm düşündürücü, həm maarifləndirici, həm də əyləndirici suallar səsləndirilir. Nəticədə müəllimlər yarış boyunca zəkalarının dərinliklərinə enərək düşünməklə yanaşı, həm öyrənirlər, həm də asudə vaxtlarını səmərəli keçirirlər.

Layihənin Sumqayıtda başlayan ilk yarışında ümumilikdə 32 məktəbin komandası iştirak edib. Öncə komandalar 3 qrupa bölünüblər və hər qrupda ilk 3 yeri tutanlar finala vəsiqə qazanıblar. Xoş həyəcan və böyük maraq hissləri ilə müşayiət olunan final mərhələsinin sonunda 1-ci yeri P. Həşimov adına 28 nömrəli məktəb, 2-ci yeri N.Tusi adına 12 nömrəli məktəb və 3-cü yeri isə 13 nömrəli məktəb tutub. Qaliblərə diplom və hədiyyələr, yarışda fəal iştirak edənlərə isə Təşəkkürnamələr təqdim edilib.

Təltifetmə mərasimində çıxış edən ibtidai sinif müəllimləri belə bir Layihənin təşkil olunmasına görə çox şad olduqlarını, yarışın çox yaddaqalan, maraqlı anlarla zəngin keçdiyini, yarışdan böyük zövq aldıqlarını, həm öyrəndiklərini, həm də dincəldiklərini qeyd ediblər. Eyni zamanda yüksək təşkilatçılıq və şəffaflıq da xüsusi vurğulanıb.
Müəllimlər səbirsizliklə növbəti yarışı gözlədiklərini və artıq indidən planlar qurduqlarını da bildiriblər.

Qeyd edək ki, Layihə gələn tədris ilindən etibarən digər şəhər və rayonlarda çalışan ibtidai sinif müəllimlərini də əhatə edəcək və qaliblər öncə Regional, daha sonra Respublika mərhələsində iştirak hüququ qazanacaqlar.

Seçilən
12
3
ucnoqta.az

4Mənbələr