AZ

Samsung Electronics ilə həmkarlar ittifaqı arasında razılıq əldə olunmadı

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics ilə şirkətin həmkarlar ittifaqı arasında əməkhaqqı danışıqları nəticəsiz başa çatıb. Bu vəziyyət ölkədə genişmiqyaslı tətil ehtimalını artırıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, tərəflər arasında hökumətin vasitəçiliyi ilə iki gün davam edən intensiv görüşlər keçirilsə də, maaş və bonus məsələlərində razılıq əldə olunmayıb. Həmkarlar ittifaqı xüsusilə rəqib şirkət SK Hynix ilə müqayisədə bonus ödənişlərində böyük fərq olduğunu bildirərək narazılıq edib.

İttifaq mayın 21-dən etibarən 18 günlük tətil keçirməyi planlaşdırır. Bildirilir ki, 50 mindən çox əməkdaş iş dayandırarsa, bu, çip istehsalı və məhsul tədarükündə ciddi gecikmələrə səbəb ola bilər.

Məsələ ilə bağlı Cənubi Koreya hökuməti təcili iclas keçirib. Baş nazir Kim Min-seok vəziyyətin ölkə iqtisadiyyatına təsirini nəzərə alaraq tətilin qarşısının alınmasının vacib olduğunu vurğulayıb. O, hökumət qurumlarına şirkət rəhbərliyi və həmkarlar ittifaqı arasında dialoqun davam etdirilməsi üçün dəstək göstərilməsi barədə tapşırıq verib.

Xəbərlərin yayılmasından sonra Samsung Electronics səhmləri əvvəlcə kəskin ucuzlaşsa da, hökumətin müdaxiləsindən sonra yenidən yüksəliş göstərib. Bununla yanaşı, SK Hynix səhmlərində isə ciddi artım qeydə alınıb.

Həmkarlar ittifaqının nümayəndəsi Çoi Sonq-ho bildirib ki, şirkət yalnız birdəfəlik bonus ödənişi təklif edib və maaş sistemində uzunmüddətli dəyişikliklər tələbi qəbul olunmayıb.

Seçilən
6
qht.az

1Mənbələr