AZ

Hörmüzdə fırtına öncəsi sakitilik: Dünya enerji bazarı təşvişdədir

ABŞ-İran münasibətlərində gərginlik yenidən təhlükəli mərhələyə daxil olur.

Bir tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektləri ilə bağlı sərt açıqlamalar verir və bildirir ki, materiallar çox dərinlikdə yerləşdiyi üçün Vaşinqton “nüvə tozunu qazıb çıxarmalı” ola bilər. Digər tərəfdən, Böyük Britaniya və Fransa Hörmüz boğazında beynəlxalq hərbi missiyanın yaradılması ilə bağlı 40-dan çox ölkənin müdafiə nazirlərinin iştirakı ilə görüş keçirməyə hazırlaşır. Bu görüşdə əsas müzakirə mövzusu Hörmüz boğazında beynəlxalq gəmiçiliyin və enerji təhlükəsizliyinin qorunmasıdır.

Hörmüz boğazı dünya enerji bazarı üçün ən həssas keçidlərdən biridir. Burada yaranacaq hərbi və siyasi gərginlik təkcə İranla ABŞ arasında deyil, bütövlükdə Yaxın Şərqdə, Avropada və qlobal bazarlarda ciddi nəticələr doğura bilər. Trampın sərt ritorikası, London və Parisin beynəlxalq missiya təşəbbüsü, İranın mümkün reaksiyası və regionda İsrail amili bu böhranı daha da mürəkkəbləşdirir.

Bu proseslər ABŞ İran müharibəsinin genişlənməsinə, yoxsa əksinə, beynəlxalq nəzarət mexanizmi vasitəsilə gərginliyin azaldılmasına gətirib çıxara bilər?

Bakıvaxtı.az mövzunu siyasi şərhçi Alim Nəsirli ilə müzakirə edir.

A.Nəsirli bildirib ki, bu təşəbbüs ilk baxışda hərbi xarakter daşısa da, əslində onun diplomatik tərəfi də var. London və Paris Hörmüz boğazında təhlükəsizliyi yalnız ABŞ İran qarşıdurması çərçivəsində deyil, beynəlxalq enerji və ticarət təhlükəsizliyi məsələsi kimi təqdim etməyə çalışır:

“Əgər missiyanın mandatı açıq şəkildə müdafiə və müşahidə xarakterli olarsa, bu, gərginliyin nəzarətdən çıxmasının qarşısını müəyyən qədər ala bilər. Amma burada əsas məsələ İranın bu missiyanı necə qəbul edəcəyidir. Tehran bunu beynəlxalq gəmiçiliyin qorunması kimi yox, özünə qarşı yeni hərbi bloklaşma kimi görsə, müsbət nəticə əldə etmək çətin olacaq. Ona görə bu təşəbbüs həm böhranı idarə edən mexanizmə, həm də düzgün qurulmasa, yeni gərginlik mənbəyinə çevrilə bilər”.

Siyasi şərhçiyə görə, Trampın “ABŞ nüvə tozunu qazıb çıxarmalı olacaq” açıqlaması İranın nüvə proqramı ilə bağlı ABŞ mövqeyinin çox sərt olduğunu göstərir. Burada yalnız nüvə obyektlərinin zərərsizləşdirilməsi deyil, həmin obyektlərdə qalan materialların da tam nəzarətə götürülməsi mesajı verilir. Bu isə İran üçün çox həssas məsələdir, çünki Tehran bunu öz suverenliyinə müdaxilə kimi qiymətləndirə bilər.

Müsahibimiz qeyd edib ki, ABŞ bu cür ritorika ilə İranı daha ağır şərtlərlə razılaşmağa məcbur etmək istəyir:

“Amma belə ifadələr danışıqlar üçün psixoloji üstünlük yaratsa da, qarşı tərəfin mövqeyini də sərtləşdirə bilər. Nəticədə bu açıqlama diplomatik etimadı artırmaqdan daha çox, Vaşinqtonla Tehran arasında inamsızlığı dərinləşdirə bilər”.

Alim Nəsirli: Proses diplomatiya ilə müşayət olunmasa, İranın daha sərt cavab addımlara əl atması mümkündür

A.Nəsirli hesab edir ki, bu cür sərt bəyanatlar müharibə riskini artıran ritorik elementlərdəndir. Xüsusilə İran kimi təhlükəsizlik məsələlərinə həssas yanaşan bir dövlət üçün nüvə obyektləri ilə bağlı xarici müdaxilə mesajı çox ciddi siqnal sayılır. Dediyinə görə, Trampın sözləri Vaşinqtonda hərbi variantın tamamilə masadan çıxmadığını göstərir. İran isə bu cür bəyanatlara cavab olaraq Hörmüz boğazı, regional müttəfiqlər və raket imkanları üzərindən təzyiq siyasətini gücləndirə bilər. Onun fikrincə, burada ən təhlükəli məqam odur ki, tərəflərdən biri ritorikanı siyasi təzyiq kimi, digəri isə real hərbi hazırlıq kimi qəbul edə bilər. Belə yanlış hesablama isə bölgədə nəzarətsiz eskalasiyaya yol aça bilər.

“Hörmüz boğazı ətrafında beynəlxalq hərbi missiya ilə Trampın nüvə açıqlaması birlikdə götürüldükdə region üçün hansı siyasi mənzərə yaranır” sualinı cavablandıran həmsöhbətimizə görə, bu iki proses birlikdə göstərir ki, ABŞ və onun Qərb tərəfdaşları İran məsələsində təzyiqi çoxşaxəli formada artırırlar. Bir tərəfdə İranın nüvə proqramı ilə bağlı sərt siyasi və hərbi mesajlar verilir, digər tərəfdə isə Hörmüz boğazında beynəlxalq nəzarət mexanizmi qurulmağa çalışılır. Bu, Tehrana “həm nüvə sahəsində, həm də enerji dəhlizləri üzərində manevr imkanların məhdudlaşdırılır” mesajı kimi görünə bilər.

“Eyni zamanda Qərb üçün əsas məqsəd İranın böhran anında Hörmüz boğazından təzyiq aləti kimi istifadə etməsinin qarşısını almaqdır. Əgər bu proses diplomatiya ilə müşayət olunmasa, İranın daha sərt cavab addımlara əl atması mümkündür. Amma paralel olaraq gizli danışıqlar və vasitəçilik mexanizmləri işləsə, bu təzyiq xətti son nəticədə yeni razılaşma üçün zəmin də yarada bilər”, - deyə Alim Nəsirli qeyd edib.

Zülfü Məmmədov

Seçilən
0
bakivaxti.az

1Mənbələr