Ermənistan problemi bu cür “həll” etmək istəyir, Bakı isə ərazi mübadiləsi variantını qəbul etməyə bilər
Ermənistan və Azərbaycan arasında delimitasiya prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılıq mövcuddur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi üçün hüquqi baza artıq formalaşıb.
Onun sözlərinə görə, 2024-cü ilin avqustunda imzalanmış və oktyabrda ratifikasiya edilmiş delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun olaraq, Almata Bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsas prinsipi kimi qəbul edilib. “Bu o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsi ilə razılaşıblar”, - deyə baş nazir bildirib. Baş nazir əlavə edib ki, delimitasiya prosesində əsasnamədə nəzərdə tutulan qarşılıqlı məqbul həllər tapıla bilər. Paşinyan həmçinin bildirib ki, prosesin davam etdirilməsi barədə razılaşma artıq dərc olunub. “Bizim artıq dərc edilmiş razılaşmamız var ki, delimitasiya şimaldan cənuba doğru aparılacaq. Aydındır ki, delimitasiyanın artıq həyata keçirildiyi ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proseslər delimitasiya məntiqi çərçivəsində şəffaf şəkildə aparılmalıdır”, - deyə Paşinyan fikrini yekunlaşdırıb.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində təkcə sərhədlərin deyil, anklavkların taleyi də maraq doğurur. “Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya işləri çox böyük prosesdir. Burada çox texniki məsələlər var. Qısa müddət ərzində həyata keçirilə bilən proses deyil. Bu istiqamətdə işlər gedir”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir Azərbaycan nümayəndə heyətinin baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana səfər etdiyini xatırladaraq qeyd edib: “Orada komissiyaların növbəti iclası keçirildi və reqlament tipli üç sənəd razılaşdırıldı. Həmin sənədlər sonrakı prosedurların reqlamentini müəyyən edir. Bundan öncə Qəbələ şəhərinə Ermənistan nümayəndə heyəti gəlmişdi və orada danışıqlar keçirilmişdi. Proses davam edir. Əminəm ki, növbəti aylarda da bunun davamının şahidi olacağıq”. 2026-cı ilin may ayına olan məlumata görə, Azərbaycanın Ermənistan ərazisindəki anklav kəndlərinin (Qazağın 4 kəndi - Bağanıs Ayrım, Xeyrimli, Bərxudarlı, Sofulu və Naxçıvanın Kərki kəndi) qaytarılması məsələsi gündəmdə olsa da, bu barədə dəqiq tarix hələ açıqlanmayıb. Hazırda 2026-cı ildə, xüsusən də aprel-may aylarında, sərhəd kəndləri ilə bağlı yeni açıqlamaların və sülh prosesinin davam etdiyi bir dövrdə bu məsələnin yekunlaşması gözlənilir, lakin rəsmi olaraq heç bir dəqiq tarix yoxdur.
Ekspertlər və rəsmi şəxslər anklavlar və eksklavlar məsələsinin, eləcə də delimitasiya prosesinin bir hissəsi olaraq, sülh müqaviləsi imzalandıqdan sonra və ya onunla birlikdə həllinin mümkün olacağını düşünürlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, anklav kəndlərlə bağlı ayrıca ekspert qrupları fəaliyyət göstərir və bu kəndlərin qaytarılması prinsipial məsələdir.
Qeyd edək ki, son açıqlamalarının birində Ermənistanın baş naziri bildirib ki, anklavlarla bağlı qərar hələ də qəbul edilməyib. Nikol Paşinyanın sözlərindən belə anlaşılıb ki, hüquqi müstəvidə bu anklavların bəziləri ilə bağlı əlavə suallar var. Tərəflər bir-birinin ərazi bütövlüyünün tanınmasını müəyyən etdikdən sonra anklavlar məsələsi ortaya çıxır. Paşinyanın dediyindən belə anlaşılır ki, ya sərhədin o tayında qalanlar orada qalacaq, ya da tərəflərdən biri bununla razılaşmasa, başqa həll yolları müzakirə ediləcək.
Bəs anklavlar problemi - sülh sazişindən sonra, yoxsa sülh sazişinə qədər həll olunmalıdır? Bu problem sülh sazişinin imzalanmasına mane olan amillərdəndir?

Abutalıb Səmədov
Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, anklavlar məsələsi kifayət qədər problemli və mürəkkəb məsələdir. Bu, xüsusilə Ermənistana aiddir: “Çünki Azərbaycana məxsus olan və Ermənistan ərazisinin içərisində yerləşən 4 kəndimiz var. Bunlardan üçü Qazax rayonun kəndləridir, biri isə Naxçıvanın Kəngərli kəndidir. Qazağın həmin üç kəndinin verilməsi İrəvandan Gürcüstana gedən yolun bağlanmasına gətirib çıxarır. Hər halda, erməni mütəxəssislər belə deyirlər. Çünki həmin yol bu kəndlərdən keçir. Kərki kəndi isə İrəvandan Qafan, Gorus və İran sərhədinə gedən yolun yaxınlığında yerləşir. Ermənilər ehtiyat edirlər ki, hər iki istiqamətdə Azərbaycan hərbçilərinin yerləşdirilməsi son nəticədə ona gətirib çıxara bilər ki, istədiyi vaxt bu yolları bağlaya bilər və Ermənistan üçün əsl blokada bundan sonra başlayar. Bu səbəbdən həmin kəndlərin verilməməsi variantını düşünürlər və bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan da bəyanatla çıxış eləyib. Təklif edir ki, ya anklavlar Azərbaycana verilsin və bunun qarşılığında Başkənd Ermənistana qaytarılsın. Çünki Başkəndi Ermənistan öz ərazisi sayır. Paşinyan ərazi mübadiləsi təklifini də irəli sürmüşdü. İkinci variant təbiidir ki, Ermənistanın xeyrinədir. Başkəndin ərazisi haradasa 40 kvadrat km-dir. Qazağın həmin üç kəndinin ərazi də birlikdə təxminən 40 kv.km-dir. Kərki kəndi isə 20 kv.km-dir. Yəni burada ərazi mübadiləsindən söhbət gedərsə, Başkəndi görünür ki, Ermənistan Qazax ərazisi olan kəndlərlə və ya Kərki və daha iki kəndlə dəyişmək istəyir. Paşinyan yollarla bağlı problemi bu cür həll eləmək istəyir. Ancaq Azərbaycan buna razılıq verərmi? Çünki Ermənistan o qədər də güvənilən qonşu deyil”.
A.Səmədovun qənaətincə, bu səbəbdən ola bilsin Azərbaycan ərazi mübadiləsi variantını qəbul eləməsin: “Onda artıq gələcəkdə anklavların qaytarılması məsələsi müzakirə oluna bilər. Lakin məsələnin mürəkkəbliyini nəzərə alıb onu bir qədər sonraya saxlamaq barədə razılaşma əldə olunub. Bu, sülh sazişi zamanı ola bilməz. Sülh sazişinə maneçilik anklavlar yaratmır, maneçilik Ermənistan Konstitusiyası ilə bağlıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”