BAKI, 13 may. TELEQRAF
Azərbaycanın gənc diplomatlardan ibarət növbəti qrupu NATO-nun mənzil-qərargahına səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan NATO yanındakı Nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, gənc diplomatların Alyansın qərargahına səfər etməsi artıq bir ənənəyə çevrilib.
Nümayəndəlik bu ənənəvi səfərlərin davam etməsindən məmnunluğunu ifadə edərək, göstərilən dəstəyə və yaradılan şəraitə görə NATO rəhbərliyinə və qurumun heyətinə dərin minnətdarlığını bildirib.
Səfər proqramı çərçivəsində azərbaycanlı diplomatlar üçün NATO-nun fəaliyyətinin müxtəlif aspektlərinə dair genişmiqyaslı brifinqlər təşkil olunacaq.
Diplomatlar Alyansın tərəfdaşlıq siyasəti, tərəfdaş ölkələrlə həyata keçirilən praktiki əməkdaşlıq mexanizmləri və qurumun cari gündəliyində duran əsas məsələlər barədə ətraflı məlumatlandırılacaqlar.
Eyni zamanda, görüşlərdə NATO-nun ictimai mesajları, enerji təhlükəsizliyinə müasir yanaşması, eləcə də müasir çağırışlara qarşı dayanıqlığın artırılması istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.