Dünyada tanınan hüquq müdafiəçisi indi ölümlə üz-üzədir; həyatı zindanlarda keçən zəncanlı Məhəmmədi kimdir...
ABŞ qırıcılarının İslam respublikasının gəmilərinə hücum etdiyi bir dövrdə İran həm də “daxili düşmənlərlə” mübarizə apardığını elan edib. Siyasi rejim zindanlarda çürütdüyü fəallardan bəzilərini tələsik edam etdirir, kimilərini isə “İsrail casusu” ittihamı ilə həbsə salır.
Ötən həftələrdə isə xəbər yayıldı ki, İranda həbsdə olan jurnalist, hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Əslən azərbaycanlı, Zəncandan olan Nərgiz Məhəmmədi ikinci güneyli soydaşımızdır ki, Nobel Sülh mükafatı alıb. İlk dəfə isə bu mükafatı Şirin Ebadi alıb. Şirin Ebadiyə Nobel Sülh mükafatı 2003-cü ildə demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilib. O, Bakıda da olub. Nərgiz Məhəmmədi də onun rəhbərlik etdiyi insan haqları mərkəzində vitse-prezidentdir. İndi isə xəstəxanaya yerləşdirildiyi xəbərləri yayılan Məhəmmədi İran rejimi üçün “vətən xainidir”.
Görünür, onun azad olunması İranın azərbaycanlı prezidentinin də iradəsindən kənardadır. Halbuki nobelçi Nərgizlə azərbaycanlılar və cəmi İran qürur duymalıdır. Axı bir qadının insan hüquqlarını müdafiə etməsi sağa-sola raket yağdıran dövlət üçün nə qədər təhlükəli ola bilər? Bu sualla çıxış edərək İranın Nərgizinin həyat hekayəsi ilə tanış olmuşuq...

“Bir taleyin oyununda cütlənmiş zərik”...
Nərgiz Məhəmmədi 1972-ci ildə anadan olub. İlk dəfə 1998-ci ildə həbsə düşən Məhəmmədi sonradan dəfələrlə həbs həyatı yaşamalı olub. 2016-cı ilin may ayında Məhəmmədi Tehranda “ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı” yaratdığına və ona rəhbərlik etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib.
Nobel Mükafatını da həbsdə olarkən alıb. Mükafat ona “İranda qadınlara zülmə qarşı mübarizəsinə və hamı üçün insan hüquqlarını və azadlığını təşviq etmək üçün apardığı mübarizəyə görə” verilib. Nərgiz fizika sahəsi üzrə ali təhsil alıb və peşəkar mühəndis olub. O, tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazıb və yaradılan “Maarifçi Tələbə Qrupu”nun iclasında həbs edilib.
O, həmçinin dağadırmanma idman növündə fəal olub. Məhəmmədi bir neçə islahatçı qəzetdə jurnalist kimi işləyib. “İslahatlar, Strategiya və Taktika” adlı siyasi esselər kitabını nəşr edib. 1999-cu ildə o, islahat tərəfdarı olan jurnalist Tağı Rəhmani ilə ailə həyatı qurub. Əkiz uşaqları dünyaya gəlib. Lakin rejimin qəddarlığı bu ailənin birgə yaşamağına imkan vermir. Çox keçmədən Rəhmani həbs olunub və 14 il cəza çəkdikdən sonra 2012-ci ildə Fransaya köçüb. İndi Nərgiz həbsdə, Tağı mühacirətdədir...

Rejim də, Nərgiz də süni tənəffüs aparatında...
Bu il mayın 5-də BMT-nin baş katibi Antonio Quterreş Nərgiz Məhəmmədinin səhhətinin ağırlaşması ilə bağlı xəbərlərdən narahatlığını bildirib. ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts da mayın 5-də X sosial şəbəkəsində bu barədə paylaşım edib. O, Məhəmmədinin həbsdə olduğu müddətdə “rejimin qadınlara və siyasi rəqiblərə qarşı zorakılığı barədə həqiqəti danışdığına görə” pis rəftara məruz qaldığını vurğulayıb. Amma İranda rejimin indi nə BMT, nə ABŞ dinləyən vaxtıdır. Nərgiz Zəncan şəhərindəki xəstəxanaya köçürülüb. Fondun məlumatına görə, o, iki dəfə huşunu itirib, ağır ürəktutması keçirib və vəziyyəti son dərəcə kritikdir.
Qardaşı Həmidrza Məhəmmədi mayın 2-də "AzadlıqRadiosu"nun fars xidmətinə açıqlamasında deyib ki, ailə üzvləri onu xəstəxananın reanimasiya şöbəsində görüblər. Onun sözlərinə görə, Məhəmmədinin vəziyyəti ağır olaraq qalır və o, süni tənəffüs aparatı vasitəsilə nəfəs alır. Nərgiz Məhəmmədi ötən ay infarkt keçirəndən sonra ağır vəziyyətdədir. Bunu onun ailəsi və tərəfdarları bildirir. Məhəmmədinin İranda yaşayan ailəsinə və vəkillərinə aprelin 11-də həbsxanada onunla ikinci dəfə üzbəüz görüşməsinə icazə verilib. Onun fondu açıqlamasında bildirir ki, görüş zamanı “ümumi durumunda pisləşmə açıq görünüb, fiziki durumu kritik qiymətləndirilib”.
Xatırladaq ki, Məhəmmədi uzunmüddətli insan haqları fəaliyyətinə görə 2023-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. O, dekabrda Məşhəddə həbs olunub, daha sonra Zəncan həbsxanasına köçürülüb, ailəsi ilə əlaqəsi məhdudlaşdırılıb.
Süleymani, yoxsa Məhəmmədi?
Ümumiyyətlə, 2022-ci ilin yanvarında Məhəmmədi “dövlət əleyhinə təbliğat” və Səudiyyə Ərəbistanına casusluq ittihamı ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü ilin avqustunda onun cəzası telefon və poçtla müsahibələr verdiyinə və həbsdə olarkən həbsxana zorakılığı ilə bağlı BMT-yə rəsmi müraciətlər hazırladığına görə əlavə bir il uzadılıb. 2023-cü ilin sentyabrında, İranda kütləvi etirazlara səbəb olan Məhsa Əmininin ölümünün ildönümündə Məhəmmədi “Nyu York Taymz” qəzetinə belə bir mesaj göndərməyi bacarıb: “Onlar bizi nə qədər çox bağlasalar, bir o qədər güclənəcəyik”.
Kürdəsilli Məhsa Əminin öldürülməsi İranda istər türk, istər fars olan bütün narazı elektoratı ayağa qaldırmışdı. O dövrdə Nərgiz “Qadın, həyat və azadlıq” başlığı ilə həbsdən məqalə yazmışdı. İranın sabiq xarici işlər naziri olmuş Hüseyn Abdullahian qeyd etmişdi ki, sülh mükafatı İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaniyə daha layiqdir. Nərgiz isə dünyada bu mükafatı alan 19-cu qadındır. Və azərbaycanlı mübariz qadın yaşadığı məhrumiyyətlərə görə illərdir ki, övladlarının üzünü görə bilmir. İndi keçirdiyi infarkt, ağciyərində yaranmış problem və kritik vəziyyəti azərbaycanlı nobelisti ölüm-qalım məsələsi ilə üzbəüz qoyub.
Sonuncu çağırış isə mayın 9-da Fransa, İspaniya və Kanada hökumətlərindən gəlib. Qərb dövlətləri İranı Məhəmmədini dərhal azadlığa buraxmağı tələb edib. Ümumdünya Səhiyyə Təşkilatının da oxşar bəyanatı var. Mayın 5-də onun vəkili Şirin Ərdəkan Nərgizin həyatına təhlükə olduğunu açıqlayıb. Di gəl, İran və ya SEPAH rejimi bir qadınla “mübarizə” aparmaqdadır. Halbuki ölkənin xirtdəyə qədər problemləri var ki, onları həll etmək lazımdır. Onu da deyək ki, İranda həbsdə olan qadın hüquqları müdafiəçiləri - Golrox İrayi, Zöhrə Sərv, Nəsrin Cavadi, Sepidə Qoliyan, Bəharə Hidayət və nəhayət, Nərgiz Məhəmmədi bir müddət əvvəl “Qadın, Həyat, Azadlıq” hərəkatına istinad edərək birgə bəyanatla çıxış ediblər. Onlar məktubda yazıb ki, “Dini istibdadın hökmranlığına son qoymaq üçün xalqın iradəsi üzə çıxacaq”.
Məhsadan Nərgizə qədər
Nərgizin mübarizəsinin əsas istiqamətləri isə bunlardır:
- Qadınlara qarşı sistemli ayrı-seçkiliyə qarşı çıxış;
- Məcburi hicab siyasətinə etiraz;
- Edam cəzasının ləğvi üçün kampaniyalar;
- Siyasi məhbusların və işgəncəyə məruz qalanların hüquqlarının müdafiəsi;
- Təkadamlıq kameraların və qeyri-insani həbs şəraitinin ifşası;
O, xüsusilə Evin həbsxanasında baş verən zorakılıqlar və işgəncələr barədə ictimaiyyətə çatdırdığı məlumatlarla beynəlxalq aləmdə tanınıb. İran hakimiyyəti üçün Nərgiz Məhəmmədi təhlükəli fiqurdur, çünki o susmur. Həbsdə olsa belə, məktublar və bəyanatlarla rejimi ifşa edir. Bu səbəbdən 13 dəfə həbs olunub. Ümumilikdə 31 il həbs və 154 şallaq hökmü alıb.
Bildirək ki, İran Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, ictimai yerlərdə başıaçıq gəzən qadınlar 10 gündən 2 ayadək həbs və ya cərimə ilə üzləşə bilərlər. Məcburi hicab qaydalarına əməl etməyənlərə qarşı yeni, daha sərt qadağaların tətbiqi, o cümlədən boyun, qol və topuqların örtülməsi tələbi də gündəmdədir. 2026-cı ilin mayında yayılan bəzi xəbərlərdə İran rəhbərliyinin etirazları yatırmaq və ya beynəlxalq təzyiqləri azaltmaq məqsədilə bəzi islahatlara getməyə cəhd etdiyi, qadınların başlarını açmasına qarşı daha yumşaq mövqe nümayiş etdirdiyi iddia edilir. Avropa İttifaqı (Aİ) İranda insan hüquqlarının, xüsusilə qadın hüquqlarının ciddi pozulması səbəbindən 2026-cı ilin mart ayında əlavə şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.
İran rejimi üçün bir qadın fəalın ölümü statistikadan biri olacaq. Əgər Nərgizin həyatı xilas olunmasa, bu, tarixə daha bir azərbaycanlı mübarizin qətli kimi düşəcək. İndi o şans var ki, bir nobelisti, bir ananı, bir azərbaycanlı adını xilas etsinlər...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”