AZ

İlin sonunadək MDB buraxıla bilər?

Ekspertlərin fikrincə, qurumun ömrünə az qalıb, amma şimal qonşumuz...

Müstəqil Dövlətlər Birliyi (MDB) 35-ci ilini yaşayır. Bu qurum Sovet Sosialist Respublikaları İttifaqının qalıqları üzərində, Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 1991-ci il dekabrın 8-i Belarusda imzaladığı sazişlə yaradılıb. Dekabrın 20-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını məqsədəuyğun saymayan qərar qəbul edib.

Dekabrın 21-i Almatıda (Almatı-Qazaxıstan) Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan 8 dekabr sazişini imzalayaraq MDB-yə qoşulublar.

1992-ci il oktyabrın 7-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını təsdiqləməyib.

1993-cü il yanvarın 22-də Minskdə (Belarus) MDB-nin nizamnaməsi qəbul olunub. Sənəd Ukrayna və Türkmənistanda ratifikasiya olunmayıb, həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılıb.

Sentyabrın 20-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulması barədə qərar çıxarıb, sentyabrın 24-də məsələ həllini tapıb.

Dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.

2005-ci ildə Türkmənistan MDB-nin müşahidəçi üzvü statusu alıb.

Rusiyanın təcavüzünə məruz qalan Gürcüstan 2008-ci il avqustun 18-də MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

Rusiyanın təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edib və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarıb, 2018-ci il mayın 19-da tam üzülüşüb.

2014-cü ildən Rusiya Ukraynada işğalçı müharibə aparır, həmin il Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Ukraynaya təcavüz dalğasında Moldova da MDB-dən ayrılmaq yolu tutub, 2026-cı il aprelin 6-da bu barədə rəsmi qərar verib. Üzülüşmə prosesi 2027-ci il aprelin 7-də başa çatacaq. Ermənistan da bu yolu tutmağa hazırlaşdığı şübhə doğurmur, sadəcə, indiki təzyiqlərə görə bu prosedura başlamır. 1990-cı ildə Moldovanın Dnestryanı bölgəsi ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.

Rusiya 35 yaşı tamam olacaq və heç bir siyasi təsir imkanlarını itirən qurumu niyə də nəzarətində saxlamaq istəsin? Özü belə bir buraxılma qərarı verə bilərmi? MDB-nin iqtisadi faydaları qalırmı?

O Keçmiş nazir - Medianews.az" />

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, MDB Rusiyanın əlində əski sovet ölkələrini öz təsirində saxlamaq üçün bir alətdir: “Bu qondarma qurumun heç bir siyasi, iqtisadi təsir rıçaqları mövcud deyil. Rusiyanın dirijorluğu ilə MDB-nin işlək bir təsisat olduğunu göstərmək üçün təsis edilmiş bəzi yan qurumlar isə sadəcə formallıqdır. Sovetlər İttifaqı dağıldıqdan sonrakı 35 ildə vaxtılə bu ittifaqın tərkibində olmuş hər bir dövlət sözün həqiqi mənasında anladılar ki, onların 70 il birlikdə yaşadıqları Sovetlər İttifaqı adında bir təsisat, əslində Rusiya imperiyasının bir qədər fərqli forması olub. Bu ittifaq dağıldıqdan sonra həmin məkanda ayrı-ayrı respublikaların ərazisində milli zəmində baş qaldıran münaqişələr, Rusiya imperiyasını dağılmaq təhlükəsindən qorumaq üçün sovet dövründə əkilmiş milli münaqişə toxumları idi. Və deməli, Sovetlər İttifaqının mövcud olduğu dövrdə ortada heç bir sosialist, kommunist ideologiyası olmayıb. Bütün bunların əvəzində ortada yalnız Rusiyanın imperiya ambisiyası mövcud olubdur. Sovetlər ittifaqının dağılmasından keçən dövrdə yaradılmış qondarma MDB-dən ölkələrin bir-bir qopması da bu dediklərimizin sübutudur. Dövlətlər zamanla anladılar ki, Rusiya onları nədən MDB adlı bir qurumda bir arada saxlamaq istəyir. Bir sözlə, MDB "bəlkə Sovetlər İttifaqını bərpa etmək mümkün olar" kimi Rusiya imperiyasının arzusunu reallaşdırmaq üçün bic doğulmuş bir təsisatıdır. Onun tam dağılmasına az qalıb".

Azərbaycan

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev isə qeyd etdi ki, SSRİ dağılandan sonra Rusiya keçmiş respublikaları öz ətrafında saxlamaq üçün müxtəlif variantlar axtarırdı: “Əslində bu imperiyaların xüsusiyyətindən irəli gəlir. Dünyada belə nümunələr var. Məsələn, keçən əsrdə Böyük Britaniya keçmiş koloniyalarından ibarət Millətlər Birliyi yaratmışdı və bu təşkilat vasitəsilə yeni üsullarla əlaqələr və siyasi münasibətləri saxlamağa cəhd göstərirdilər. Müstəqil Dövlətlər Birliyi də məhz belə bir nümunəyə söykənərək yaranmışdı. Amma fərqi o idi ki, MDB-də dövlətlərin sayı az idi və ən əsası ora üzv olan dövlətlər demək olar ki, müxtəlif təhdid və təzyiqlərlə bu quruma üzv olmağa məcbur edilmişdi. O səbəbdən yarandığı gündən formal bir təşkilat olaraq qaldı və adında olan birlik ifadəsindən əsər-əlamət yox idi. Millətlər Birliyi dünyanın müxtəlif qitələrində olmuş Britaniya koloniyalarından formalaşmışdı. MDB isə bir coğrafiyada mövcud olmuş, bir-biriləri ilə quru sərhədləri olan, bir çox parametrlər üzrə xalqlarının bir-birilərini tanıdıqları dövlətlər tərəfindən yaranmışdı. Məhz o səbəbdən fəaliyyətsiz və əhəmiyyətsiz bir qurum bu və yə digər formada bu günə qədər gəlib çıxıb. Bu təşkilatda uzun illər öncə açıq şəkildə mərkəzdənqaçma meyilləri mövcud idi. Amma bir sıra vacib məsələlər, xüsusilə Rusiyanın təhdidləri, iqtisadi, hətta ehtiyac olarsa, hərbi təzyiqləri ehtimalları ölkələri çəkindirirdi. Gürcüstanın bu qurumdan çıxması, sonradan Ukraynanın və Moldovanın da analoji addımları atması, ümumiyyətlə, hazırda tam təsirsiz, fəaliyyətsiz olması bu formal qurumun tezliklə ləğv olunacağına işarə edir. Amma bu addım Rusiya tərəfindən atılmayacaq. Çünki Rusiya keçmiş respublikalara istənilən yol və vasitə ilə siyasi və iqtisadi təsir imkanları saxlamaq istəyir. Ola bilsin ki, məcbur qalıb daha az sayda dövlətin iştirakı ilə adı fərqli, amma mahiyyəti eyni olan yeni qurum yaratmağa da cəhd etsin. Bu cəhdlərin bir nəticəsinin olması böyük sual altındadır. Rusiya özü MDB-nin buraxılması ilə bağlı heç bir addım atmayacaq. Amma məcbur qaldığı təqdirdə az tərkibdə olsa belə fərqli adla və istiqamələrlə yeni bir qurum yaratmağa cəhd edə bilər”.

Cavanşir ABBASLI,
Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr