Deputat bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər etmələri ənənə halını alıb və rəmzi məna daşıyır. İşğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Ulu Öndərin ən böyük arzusu idi. Artıq Ulu Öndərin ruhu şaddır. Dövlətimizin başçısı bu ərazilərdən dünyaya mütləq və tam Qələbə mesajlarını çatdırıb.
Millət vəkilinin sözlərinə görə, mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndi doğma sakinlərini qarşılayıb: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Şükürbəyli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoymuşdu. Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür.
Səfər çərçivəsində Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında da iştirak edib. Dövlətimizin başçısı ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Xatırladaq ki, 2022-ci ildə bu kompleksin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən atılmışdı. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olmuşdular. Kompleksdə 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli "townhouse" tipli evlər tikilib".