AZ

Türk malları Ermənistanda – İrəvan üçün böyük şans

“Türkiyə və Ermənistan arasında iqtisadi münasibətlərin bərpası, ələxüsus ticari əlaqələrin qurulması hər iki ölkə üçün böyük ölçüdə əhəmiyyətlidir. Hesab edirəm ki, sənaye məhsullarının istehsal həcmi ilk növbədə Ermənistanda artacaq, çünki Türkiyə kimi əlverişli bazar əldə edəcək”. Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin bərpa edilməsini şərh edərkən bildirib.

İqtisadçının sözlərinə görə, hazırda Türkiyədə mövcud istehsal yüksək həddədir, bu da ölkə üçün ixracın artması deməkdir: “Ermənistanın müəyyən kənd təsərrüfatı, o cümlədən inşaat məhsullarının Türkiyəyə ixracında artım dinamikası digər sahələrdən öndə ola bilər. Eyni zamanda, dəhliz və logistika xidmətlərinin birgə təşkili hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb edəcək. Bu isə Ermənistana daha çox töhfə verəcək.
Türkiyə iqtisadiyyatının həcminə baxdıqda birmənalı şəkildə demək olar ki, Ermənistanın orta və uzunmüddətli perspektivdə götürə biləcəyi dividentlər çox olacaq. Yaxın perspektivdə isə əlaqələr qurulduqda türk sahibkarlar daha böyük üstünlüyə malik olacaq.

Eldəniz

Müəyyən zaman sonra isə bu münasibətlərdən Ermənistan iqtisadiyyatı daha çox fayda götürəcək, çünki dünyaya çıxışı açılacaq - Qara dənizə, Aralıq dənizinə, Türkiyənin böyük istehsal təcrübəsindən yararlana biləcək. Türk investorlar da Ermənistana sərmayə yatıracaqlar. Yəni birmənalı şəkildə Türkiyə ilə iqtisadi əlaqələrin qurulması Ermənistana hava və su kimi lazımdır”. Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb ki, Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir. Bildirilib ki, iki ölkə arasında 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan addımlar nəticəsində birbaşa ticarətin başlanmasına dair hazırlıqlar 2026-cı il mayın 11-də tamamlanıb. Qeyd olunub ki, iki ölkə arasındakı sərhədin açılması ilə bağlı işlər hazırda davam etdirilir.

Nigar Həsənli
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr