Bakı, 13 may, AZƏRTAC
Ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişafı, beynəlxalq dəhlizlərin genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi KOB-ların qlobal ticarət zəncirinə inteqrasiyasını daha da sürətləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və logistika forumu"nda deyib.
KOBİA sədri qeyd edib ki, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, maliyyə resurslarına çıxışın asanlaşdırılması, ixrac təşviqləri və sahibkarların bilik və bacarıqlarının artırılması KOB-ların beynəlxalq bazarlarda mövqeyinin möhkəmlənməsinə xidmət edir: “Ölkəmizin coğrafi mövqeyi və tranzit potensialı isə bu sahədə bizə unikal imkanlar yaradır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri üzərində yerləşməyimiz Azərbaycanı regionun mühüm logistika və ticarət mərkəzlərindən birinə çevirmək gücünə malikdir. Bununla yanaşı, bu gün KOB-ların beynəlxalq platformalara çıxışının genişləndirilməsi istiqamətində addımlar atılır. KOBİA, həmçinin ESG prinsiplərinin tətbiqini dəstəkləyir, “yaşıl” iqtisadiyyat və davamlılıq təşəbbüsləri vasitəsilə sahibkarları yalnız uğurlu deyil, həm də məsuliyyətli biznes qurmağa təşviq edir. Bütün bunlar KOBİA olaraq bizim qarşıya qoyduğumuz məqsədlərə birbaşa töhfə verir”.