Slovakiya Qarabağın yenidən qurulmasına töhfə verməkdən qürur duyur.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının sədri Rixard Raşi bu gün azərbaycanlı həmkarı Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
R. Raşi qeyd edib ki, Slovakiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirak edir:
"Biz iqtisadi əlaqələrimizin fəal inkişafına sadiq idik və Slovakiya azad edilmiş Qarabağ ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur. Bunun konkret nümunələrindən biri Ağdam rayonunun Baş Qərvənd kəndində slovak şirkətlərinin iştirakı ilə həyata keçirilən 'ağıllı kənd' layihəsidir. Səfər çərçivəsində mən yenidən Qarabağa gedəcəyəm ki, yenidənqurma işlərinin irəliləyişini öz gözlərimlə görüm".
İki ölkə arasında turizm və insanlararası əlaqələrin gücləndirilməsi məqsədilə mühüm addımların atıldığını bildirən spiker, nəqliyyat sahəsindəki yeniliyi diqqətə çatdırıb:
"Bu ilin oktyabr ayından etibarən Bratislava ilə Bakı arasında birbaşa uçuşlar həyata keçiriləcək. Biz bu yeni əlaqənin potensialından maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Həmçinin, Bakıda fəaliyyətə başlayan Slovak turizm məlumat mərkəzi ölkəmizi Azərbaycan ictimaiyyəti üçün cəlbedici istiqamət kimi təqdim edəcək".