AZ

28 saata 10 mərtəbəli bina tikildi - REKORD

Çində tikinti sahəsində diqqətçəkən rekorda imza atılıb.

Musavat.com xəbər verir ki, “Living Building” adlı yeni sistem vasitəsilə 10 mərtəbəli yaşayış binası cəmi 28 saat 45 dəqiqəyə tamamlanıb.

Məlumata görə, layihə Çinin Çanşa şəhərində həyata keçirilib. Binanın bütün əsas hissələri əvvəlcədən zavod şəraitində hazırlanıb, daha sonra tikinti sahəsinə gətirilərək kranlarla bir-birinin üzərinə yerləşdirilib. Modullar boltlarla birləşdirildikdən sonra elektrik və su sistemləri quraşdırılıb.

Şirkət bu sistemi “avtomobil istehsal edir kimi bina tikmək” prinsipi ilə hazırladığını bildirib. İstifadə olunan xüsusi paslanmayan polad konstruksiyanın ənənəvi beton binalardan daha yüngül və daha davamlı olduğu iddia edilir.

Layihədə enerji qənaətinə də xüsusi diqqət yetirilib. Binada qalın izolyasiya sistemi, çoxqatlı şüşələr və ağıllı havalandırma texnologiyası istifadə olunub. Şirkətin açıqlamasına görə, bu üsul həm tikinti xərclərini, həm də karbon emissiyasını əhəmiyyətli dərəcədə azaldır.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər milyonlarla baxış toplayıb. Bəzi istifadəçilər texnologiyanı “gələcəyin tikinti sistemi” adlandırsa da, digərləri belə sürətli tikilən binaların uzunömürlülüyü ilə bağlı suallar səsləndirib.

Musavat.com 

Seçilən
71
musavat.com

1Mənbələr