AZ

WUF13 və sülh strategiyası: Bakı yeni geosiyasi nizam qurur

“Müasir beynəlxalq münasibətlər sistemində sülh, təhlükəsizlik və əməkdaşlıq artıq yalnız siyasi bəyanatlarla deyil, real geosiyasi nəticələrlə ölçülür. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət regionda tamamilə yeni reallıq formalaşdırıb. Prezident Ilham Aliyev tərəfindən həyata keçirilən strateji kurs nəticəsində Cənubi Qafqaz qarşıdurma məkanından əməkdaşlıq və inteqrasiya platformasına çevrilməkdədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O qeyd edib ki, məhz bu kontekstdə WUF13-ün Bakıda keçirilməsi təsadüfi hadisə deyil: “Bu forum Azərbaycanın bölgədə yaratdığı yeni siyasi, iqtisadi və təhlükəsizlik modelinin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricilərindən biridir.

Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq
Prezident İlham Əliyevin də vurğuladığı kimi:“Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.

Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü təmin etdi, separatizmə son qoydu, beynəlxalq hüququ faktiki olaraq özü bərpa etdi.  Bu proses eyni zamanda illərlə fəaliyyətsiz qalan beynəlxalq mexanizmlərin də iflasını ortaya qoydu. Xüsusilə ATƏT MQ-nin münaqişənin həllindən daha çox status-kvonun qorunmasına xidmət edən mexanizm kimi yadda qaldı.
Prezident İlham Əliyevin Zəngilandakı çıxışı isə Azərbaycanın bu tarixi mərhələyə hansı iradə və siyasi qətiyyətlə gəldiyini açıq şəkildə göstərdi:“Biz öldü var, döndü yoxdur deyərək yolumuzdan dönmədik”.
Bu siyasi iradə nəticəsində bu gün bölgədə müharibə deyil, sülh gündəliyi formalaşıb”.

WUF13-Azərbaycanın sülh strategiyasının qlobal təqdimatı
Mayın 17-dən 22-dək Azərbaycanda  keçiriləcək WUF13-də  cənab Prezident İlham Əliyevin Cənubi Qafqazda  müəyəyn etdiyi sülh strategiyasının tərkib hissəidir: “WUF sadəcə şəhərsalma və memarlıq tədbiri deyil. Bu, eyni zamanda təhlükəsizlik, dayanıqlı inkişaf, postmünaqişə quruculuğu, regional inteqrasiya, ağıllı şəhərlər, yaşıl enerji siyasəti kimi məsələləri əhatə edən qlobal platformadır. Bu baxımdan WUF13 Azərbaycanın postmüharibə quruculuq modelinin, sülh strategiyasının, regional əməkdaşlıq konsepsiyasının beynəlxalq təqdimatı rolunu oynayacaq.  Çünki bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr “ağıllı şəhər”, “yaşıl enerji zonası”,  müasir logistika dəhlizləri, ekoloji yaşayış modelləri əsasında qurulur. Bu isə faktiki olaraq müharibədən çıxmış regionun necə qlobal inkişaf mərkəzinə çevrilə biləcəyinin real nümunəsidir”.

Bakı bölgəni Şərqlə Qərbin qovşağına çevirir
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması ilə Şərq-Qərb,  Şimal-Cənub nəqliyyat xətləri birləşəcək. Zangilan və Ağbənd xətti Türkiyə, Naxçıvan, Orta Asiya, İran, Fars körfəzi, Avropa arasında strateji logistika mərkəzinə çevriləcək. Bu isə Azərbaycanın həyata keçirdiyi siyasətin yalnız milli deyil, beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq layihəsi olduğunu göstərir.
WUF13 kimi forumların Bakıda keçirilməsi də məhz bu yeni reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir”.

Azərbaycan yeni təhlükəsizlik modeli yaradır
Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşdırılmaqdadır: “ Bu model xarici manipulyasiyalara imkan vermir,  regional problemlərin bölgə dövlətləri tərəfindən həllini təşviq edir, Türk dünyası ilə Avrasiyanı birləşdirən yeni geosiyasi xətt yaradır. Bu gün regionda əsas söz sahibi artıq sahədə reallıq yaradan dövlətdir”.

Fransa və köhnə geosiyasi yanaşmaların iflası
Bölgədə sülh strategiyasına mane olan qüvvələrlə bağlı mövqeyini  vurğulayan deputat bildirib ki, son illərdə bəzi Qərb dairələrinin, xüsusilə Fransanın regiona münasibətdə birtərəfli yanaşması onların təsir imkanlarını zəiflədib: “Çünki yeni geosiyasi reallıq artıq emosiyalarla deyil, güc balansı, iqtisadi əməkdaşlıq, regional inteqrasiya üzərində qurulur. 
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik”. Bu mesaj Azərbaycanın hərbi qələbəni siyasi platformaya çevirdiyini, bölgədə uzunmüddətli sabitlik modelini formalaşdırdığını göstərir. 

Qarabağ: dağıntı zonasından qlobal inkişaf modelinə
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Sahiblər qurub-yaradar, işğalçı isə dağıdar”. Bu gün yollar, hava limanları, elektrik stansiyaları, məktəblər, yaşayış məntəqələri, “ağıllı kənd” layihələri Qarabağda yeni inkişaf erasının əsasını qoyur. WUF13 isə bu modeli dünyaya təqdim etmək üçün mühüm platformadır. Azərbaycan forum vasitəsilə postmünaqişə bərpası, dayanıqlı şəhərsalma, yaşıl enerji, regional əməkdaşlıq modelini beynəlxalq gündəliyə çıxarır. 
Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün, təhlükəsizliyin, iqtisadi inteqrasiyanın, geosiyasi sabitliyin əsas təminatçısına çevrilib. WUF13-ün Azərbaycanda  keçirilməsi isə təsdiq edir ki, ölkəmiz artıq yalnız regional aktor deyil, yeni beynəlxalq əməkdaşlıq modelini formalaşdıran strateji mərkəzə çevrilməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Cənubi Qafqaz qarşıdurma zonasından əməkdaşlıq və inkişaf məkanına transformasiya olunur. Bu isə Azərbaycanın yalnız bugünkü deyil, gələcək geosiyasi düzənin də əsas memarlarından birinə çevrildiyini göstərir”.
 

Mürtəza

Seçilən
52
olke.az

1Mənbələr