AZ

Bakıda V Uşaq Kitab Festivalı keçirilir – Sərgidən rəngli görüntülər - FOTO

Bu gündən Bakıda V Uşaq Kitab Festivalı öz işinə başlayır.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan festival mayın  17-dək davam edəcək.

Festivalın açılış günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının direktoru Şəmil Sadiq, teletənqidçi, professor Qulu Məhərrəmov, eləcə də bir sıra nəşriyyat rəhbərləri, yazarlar iştirak etdilər.

Festivalın fəxri qonağı olan Hans Kristian Andersen Mükafatının münsiflər heyətinin prezidentı Şirin Kredieh çıxış edərək uşaq kitablarının həm akademik inkişaf, həm də şəxsi dəyərlərin formalaşması baxımından əhəmiyyətini vurğuladı. Bakıya ilk dəfə səfər etdiyini deyən qonaq Azərbaycan uşaq ədəbiyyatı ilə tanış olmaqdan qürur duyduğunu vurğuladı.

O diqqətə çatdırdı ki, Andersen Mükafatı uşaq ədəbiyyatı sahəsində yazıçılar və illüstratorlar üçün ən yüksək mükafat hesab olunur. Bu, uşaq ədəbiyyatının Nobel mükafatı sayılır. Mükafat hər iki ildən bir təqdim edilir.

Çıxış edənlər uşaq ədəbiyyatının onların akademik gələcəyi, şəxsi inkişafı və mənəvi dəyərlərinin formalaşması üçün çox önəmli olduğunu qeyd etdilər.

Festivalın təşkilatçılarından olan uşaq yazarı, psixoloq Fatimə Alxaz çıxışında qeyd etdi ki, festival hər gün bir formatda təşkil olunaraq uşaqların diqqətini çəkməyi, onları maarifləndirməklə yanaşı, həm də əyləndirməyi nəzərdə tutur. Belə ki, festival çərçivəsində “Milli Geyimlər Günü”, “Peşələr Günü”, “Beynəlxalq Gün” və “Nağıl Qəhrəmanı Günü” adlı xüsusi tematik günlər təşkil olunacaq.

Bundan başqa tanınmış uşaq yazıçıları ilə görüş və imza mərasimləri, yeni nəşrlərin təqdimatları, mədəniyyət və incəsənət nümayəndələri ilə görüşlər təşkil edilir. Həmçinin rəngarəng mahnı və rəqs nömrələri, səhnəciklər, nağıl saatları və müxtəlif əyləncəli şou proqramlar nümayiş olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində 70 min ədəd xüsusi hazırlanmış kitab daxılı çap edilərək uşaqlara hədiyyə olunub. Bu təşəbbüs ölkədə uşaq ədəbiyyatına marağın artırılmasına və uşaq nəşriyyatlarının inkişafına mühüm töhfə verir.

































Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr