Çinli alimlər gələcəkdə insanın çəkisizlik şəraitində çoxala biləcəyini araşdırmaq məqsədilə "Tiangong" orbit stansiyasına süni embrionlar göndəriblər.
Qaziler.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.
Tədqiqat Çin Elmlər Akademiyasının (Chinese Academy of Sciences) alimləri tərəfindən həyata keçirilir. Layihənin rəhbəri Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun Kök Hüceyrələri və Reproduktiv Biologiya üzrə Dövlət Əsas Laboratoriyasının professoru və tədqiqatçısı Yu Lekyandır.
Onun sözlərinə görə, eksperimentin əsas vəzifəsi qravitasiyanın (cazibə qüvvəsinin) və onun yoxluğunun embrionun erkən inkişaf mərhələlərinə necə təsir etdiyini anlamaqdır. Bu, gələcək uzunmüddətli kosmik missiyalar və digər planetlərin potensial məskunlaşdırılması üçün olduqca zəruridir.
"Bu, “insanlar kosmosda sağ qala və çoxala bilərmi?” sualına cavab tapmaq üçün bizim ilk cəhdimizdir. Ümid edirəm ki, cavab müsbət olacaq", — deyə Yu Lekyan qeyd edib.
QAZİLER.AZ