AZ

“Kino sənayesini darmadağın edən məmurlardır” - Ramilə Qurbanlı

Azərbaycanda son illərdə film istehsalında nisbətən artım müşahidə olunsa da, ümumi kino mənzərəsi və yerli ekran işlərinin keyfiyyəti ilə bağlı narazılıqlar var. Sahənin peşəkarları, eləcə də yüksək səviyyəli film arzusunda olan tamaşaçılar kinomuzun bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Mütəxəssislər isə problemlərin əsas səbəbini kino sənayesinin formalaşmaması və proseslərin sistemli idarə olunmamasında görürlər.

 
Mövzu ilə bağlı Pravda.az-a danışan jurnalist-publisist, mədəniyyət məsələləri üzrə mütəxəssis Ramilə Qurbanlı bir sıra problemlərə toxunub.
 
R.Qurbanlı deyib ki, Azərbaycanda kino sənayesi vahid mərkəzdən idarə olunan bir sistem kimi mövcud deyil və bu amil problemlərin əsas səbəblərindəndir: “Kino tək-tək çəkilir və çəkilən filmlər kütləvi nümayişə çıxarılmır. Kinoda ssenari yazılışı, kastinq, rol bölgüsü, məşqlər, çəkilişlər, montaj və ən vacibi piar və prokat mərhələləri var. Kino ən yüksək səviyyədə peşəkarlıqla ərsəyə gətirilə bilər. Kinoprokat və piar yoxdursa, heç bir uğur qazanmayacaq və tamaşaçının da kinodan xəbəri olmayacaq”.
 
Onun sözlərinə görə, yerli tamaşaçının kino ilə bağlı təsəvvürü olduqca məhduddur, bu da mövcud vəziyyətdən qaynaqlanır: “Bizim tamaşaçı bilmir ki, Azərbaycanda bu gün də kino çəkilir, çünki onun gördüyü ya sovet dövründə çəkilən filmlər,  ya da kinoteatrlarda yayımlanan kommersiya filmləridir. Birinciləri “köhnə filmlər” deyib çox sevirlər. İkincilərin isə kino sənətinə heç bir aidiyyəti yoxdur. Onları çəkənlər əksər hallarda kinoda təsadüfi adamlardır, məqsədləri sənət əsəri yaratmaq deyil, pul qazanmaqdır.  Bizim tamaşaçı kino deyəndə sözügedən filmləri nəzərdə tutursa, o zaman tamaşaçının heç biri günahı yoxdur. Günah yenisini yaratmaq adı ilə illərdir ki, yeganə dövlət kinostudiyası olan C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını və onunla birlikdə kino sənayesini darmadağın edən məmurlardadır”.
 
O qeyd edib ki, bu sahədə ssenari də, peşəkarlar da var, amma işin təşkili yoxdur: “Düzdür, zaman-zaman kino mütəxəssisləri ya ölkəni tərk edib müxtəlif ölkələrə pərən-pərən düşdülər, ya da ümumiyyətlə, kinodan getdilər. O səbəbdən mütəxəssis qıtlığı var, amma hər il Mədəniyyət Nazirliyinin xətti ilə xarici ölkələrə təhsil almağa gedən gənclər də var, onlar niyə geri qayıtmır, yaxud qayıdırlarsa haradadırlar? Yenə gəlib çıxırıq sənayenin olmamasına, olsa mütəxəssis də yetişər. Peşəkar kadr necə yaranır? Təbii ki, işləyərək. İş olsun ki, peşəkarlar yetişsin. Bir-iki güllə bahar olmur. Bahar gülüstana gəlir”. 
R. vurğulayıb ki, kino sahəsindəki mövcud vəziyyət illər əvvəl başlayıb: “Kino üçün ayrılan vəsaitlərin idarə olunmasında problemlər mövcuddur və bu, ümumi nəticəyə təsir edir. İllər əvvəl kino sənayesi zəiflədildi, kinoteatrlar satıldı, kinoya ayrılan vəsaitlər düzgün idarə olunmadı. Nəticədə bu sahə dağıldı və paralel olaraq tamaşaçıda inamsızlıq formalaşdı. Kino kollektiv sənətdir və çox yüksək maddi-texniki baza tələb edir. “Azərbaycanfilm”də əslində bu baza var, amma düzgün idarə olunmaması - “çörəyi çörəkçiyə verməmək” nəticəyə təsir göstərir”.
 
Ekspert bildirib ki, ayrılan vəsaitlər keyfiyyətli film çəkməyə kifayət etmir: “Maliyyə şəffaflığı ona cavabdeh şəxslərin vicdanının məsələsidir, bir söz deyə bilmərəm, amma ayrılan vəsait yaxşı kino çəkməyə bəs etmir”.
 
Azərbaycanda kino məktəbinin formalaşmamasına gəlincə isə R.Qurbanlı deyib ki, bu proses vaxtilə dayandırılıb və məktəb hələ formalaşan zaman dağıdılıb.
 
O, dövlət dəstəyi ilə çəkilən filmlərin geniş auditoriya qazanmamasının əsasında təqdimat və yayım mexanizmində olan problemlərin dayandığını qeyd edib: “Film geniş auditoriyaya təqdim ediləndə bu barədə ölkəyə car çəkilməlidir, yoxsa yalnız Nizami kinoteatrının qarşısına afişa vurmaqla tamaşaçı toplamaq olmaz. Bəzi Azərbaycan filmləri beynəlxalq festivallarda uğur qazansa da, yerli tamaşaçı tərəfindən eyni marağı görmür. Film çəkiləndə festival üçün çəkmək qarşıya məqsəd qoyulmamalıdır. Sən tamaşaçı üçün çəkirsən. Tamaşaçı o filmdə həm özünü, həm həyatını, məişətini görməlidir. Film həm də dünyəvi olmalıdır. Qərbi və ya Şərqi yamsılamaq lazım deyil. Qərb sənin yamsılamağını izləməyəcək, onun orijinalı özündə var. Sən öz olanını göstərməli, aşılamalı, təəccübləndirməli və sevdirməlisən”.
 
Seçilən
21
1
yenilik.az

2Mənbələr